Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə start verilib


Baxıldı : 155

Tarix : 2019-07-01 06:39:08


İyunun 23-də Qəbələdə “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Tədbirlər Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN İşçiləri Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir.

Tədbir iştirakçıları Bakıda Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarları ziyarət edilib.

Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in Mülki müdafiə işinin təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov, nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayeva, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsində mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib.

“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq səkkizinci dəfədir təşkil olunur. Yarış ümumilikdə 5 mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyində 12 rayon və şəhərin komandaları mübarizə aparır.

“Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya (Moskva və Ufa), Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları qüvvələrini sınayır. Yarışlar iyunun 30-dək davam edəcək.