Qəbul qaydalarında yeniliklər olacaq


Baxıldı : 47

Tarix : 2017-12-01 21:43:33


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir rayonunda valideynlər və şagirdlərlə görüşü zamanı ümumtəhsil məktəblərində şagirdlərin yekun qiymətləndirilməsi (buraxılış imtahanlarının) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modeli haqqında məlumat verib. O bildirib ki, bu tədris ilində ali məktəblərə qəbul qaydalarında dəyişikliklər edilməsi nəzərdə tutulur və XI sinfi bitirənlərə qəbul imtahanlarında iki dəfə fərqli qruplar üzrə iştirak etmək imkanı veriləcək.

Təhsil üzrə ekspert Kamran Əsədov qəzetimizə müsahibə verərək qəbul imtahanlarında gözlənilən dəyişikliklərə aydınlıq gətirdi. O dedi ki, Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilib ki, təhsil əlçatan olmalıdır: "Bunun üçün də Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığı ilə ali məktəblərə qəbul qaydalarının sadələşdirilməsi məqsədilə bir sıra yeniliklər olacaq. Yeniliklərdən biri odur ki, əgər bu vaxta qədər ancaq qəbul imtahanında 700 bal toplanılırdısa, indi bu 700 bal iki imtahanda toplanılacaq. Yəni onun 300 balı buraxılış imtahanlarında,  yerdə qalan 400 bal isə qəbul imtahanlarında toplanaraq ümumi qəbul balı müəyyənləşdiriləcək. Bu o deməkdir ki, buraxılış imtahanında iştirak edən iddiaçılar birinci mərhələdə Azərbaycan dili, riyaziyyat və xarici dildən, qəbul imtahanlarında isə 4 ixtisas qrupundan imtahan verəcəklər. 

Digər yenilik isə, abituriyentlərin bir qəbul ilində bir yox, iki ixtisas qrupunda imtahan vermək şansının olmasıdır. Keçən il bu yenilik yalnız bir qrup çərçivəsində tətbiq edilib. Yəni abituriyent qəbul imtahanının birinci mərhələsində hansı qrup üzrə iştirak etmişdisə, iyulda keçirilən ikinci imtahanda da eyni qrupun imtahanında iştirak etməli idi. Yeni modelə əsasən isə, 1-ci imtahanda hazırlaşdığı qrup üzrə yetəri qədər bal toplaya bilməyən abituriyentin ikinci imtahanda başqa ixtisas qrupun imtahanında iştirak etmək hüququ olacaq.

Burada da qaranlıq qalan məqam odur ki, uzun müddət ərzində öz ixtisas qrupundan hazırlaşıb yetərli bal toplaya bilməyənlər onlar üçün yaradılmış əlavə qrup seçmək şansından, demək olar ki, istifadə etməyəcəklər. Ondan istifadə etmək yerinə elə təkrar öz ixtisas qrupunda daha da təkmilləşib yüksək nəticə göstərə bilərlər. Mənim fikrimcə, qəbul imtahanlarını iki dəfə yox, üç dəfə keçirmək daha yaxşı olardı. Yəni 1-ci mart, 2-ci may, 3-cü isə iyun ayında. Bu şansı yaratmaq daha geniş imkanlar yaradar. Yəni artıq onlar mart ayında başa düşəcəklər ki, bu və ya digər konfidensiyalara malik deyillər, yəni qalan vaxt ərzində daha zəif bildikləri fəndən hazırlaşsınlar. Bu da abituriyentlərin daha yaxşı hazırlaşması, daha yüksək nəticə toplaması və daha az stress keçirməsi ilə nəticələnə bilər".

Aliyə SƏMƏDOVA