Qəhrəmanlığı heç vaxt unudulmayacaq


Baxıldı : 46

Tarix : 2020-09-11 16:30:25


Elşad Məmmədov Tovuz rayonunun Ağdam kəndinin sakini idi. Əbədi sakini olaraq da qaldı. İndi onun məzarını kənd sakinləri təkcə həmkəndli kimi deyil, həm də bir şəhid kimi ziyarət edəcəklər.

Elşad igid və təəssübkeş insan idi. Erməni ordusunun doğma kəndi istiqamətində silahlı təxribatlarına sinə gərənlərdən biri, bəlkə də birincilərdən biri Elşad oldu. İgidliklə döyüşdü, igidliklə də mübarək şəhid adını qazandı. Nə dövlət, nə ictimaiyyət, nə də kənd sakinləri onun igidliyini, vətən boyda qeyrətlə əbədiyyətə qovuşan xatirəsini unutmayacaq. O, özündən sonra Vətənə sonsuz məhəbbət nümunəsi, bir də yeddi aylıq övlad qoyub getdi. Təbii ki, Elşadın övladı atasız da olsa, qayğısız qalmayacaq. Necə ki, dövlətimiz, el-oba buna imkan vermir və verməyəcək. Şəhidin övladlarına qayğı göstərənlər sırasına sentyabrın əvvəllərində daha bir təşkilat- Metropoliten İşçiləri Həmkarlar İttifaqı da qoşuldu. Hİ tərəfindən  şəhidin ailəsinə hər ay 150 manat ödəniləcək.  Həmçinin onların problemlərini, istəklərini öyrəndilər. Bundan əlavə, həmin zonada daha 53 aztəminatlı ailəyə maddi yardım göstəriblər.