Qələbə bu dəfə yarış  meydanında deyil,  döyüş meydanındadır


Baxıldı : 54

Tarix : 2020-11-20 20:53:09



44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatıb. İkinci Qarabağ müharibəsi bizim böyük zəfərimizdir.  İşğal edilmiş torpaqlar Ordumuzun şücaəti sayəsində 30 il sonra işğalçılardan azad edilib. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.
Əlbəttə, böyük Qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi böyük rol oynayıb. Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət nəticəsində ölkəmiz həm regionda, həm də dünyada qüdrətli dövlətlərdən birinə çevrilib. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına qazanmışıq. Ölkə başçısının qeyd etdiyi kimi, qələbəni qazanan bizim əsgər və  zabitlərimizdir.
Sentyabrın 27-dən erməni işğalçılarına qarşı başlayan haqlı savaşımızda ölkəmizin bir çox məşhur idmançıları da könüllü olaraq iştirak ediblər.  Hamı bir nəfər kimi silaha sarılıb cəbhə xəttinə yollanıb. Vətənin cəsur oğulları düşmənə qarşı layiqli mübarizə aparıb, qələbəmizin qazanılmasında böyük şücaət göstəriblər. 
Cəbhəyə yollanan mərd igidlərdən biri də Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Əfqan Xaşalovdur. Xatırladaq ki, o, cəmiyyətin sərbəst güləşçisi kimi bir çox uğurlara imza atıb. Altı dəfə respublika çempionu olub. Yeniyetmələr arasında dünya, Avropa birinciliklərində də böyük uğurlar əldə edib. Gənclər arasında dünya, Avropa çempionatlarının qalibi olub. U-23-lər arasında qitə çempionatının gümüş medalını qazanıb. Hərbçilər arasında keçirilən dünya çempionatında üçüncü yeri tutub. 
Ə.Xaşalov həm də güləş üzrə milli komandamızın üzvüdür. 
Vətənin bu dar günündə idman yarışlarını yarımçıq qoyaraq döyüşməyə qərar verib. Vətən, millət anlayışının hər şeydən üstün olduğunu nümayiş etdirib. Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Qarabağımızın incisi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsində böyük hünər göstərib. 
“Zenit” Bədən Tərbiyəsi-İdman Cəmiyyəti İctimai Birliyi Vətən müharibəsində düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmış igid oğullarımız ilə fəxr edir.