Qəliz sualdır, qardaşım!


Baxıldı : 117

Tarix : 2019-12-27 16:46:11


Hər il dekabrın 31-i gecəsi yaşayış məntəqələrimiz, o cümlədən paytaxtımız “müharibə meydanına” çevrilir. “Müharibəni” aparanlar isə əsasən uşaqlar olur. Uşaqları isə “silahla” böyüklər təchiz edir. O böyüklər ki, inadkarlıqda uşaqları kölgədə qoyurlar. Kimdir bu böyüklər? Onlar “silahları”-pirotexniki vasitələri, yəni partlayıcı maddələri necə, haradan tapıb gətirir və hansı yollarla satışına nail olurlar?

Hələ ki, müvafiq hökumət qurumları, hüquq-mühafizə orqanlarımız bu suallara cavab tapa bilmirlər. Amma Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov - bilir. Deyir ki, gedin səbəbi sərhədlərimizdəki, keçid-buraxılış məntəqələrində axtarın: “Gömrük sahəsində boşluq var”. İkinci bildiyi şey odur ki, nə məktəbdə, nə də evdə böyüklər uşaqları başa salmırlar ki, partlayıcı maddələrdən istifadə yaxşı şey deyil. Eyyub müəllim yəqin bilmir ki, əvvəla, indiki uşaqlar böyüklərin sözünə məhəl qoymur. İkincisi, əksər ailələrdə pirotexniki vasitələri alıb övladlarına verən elə valideynlərin özləridir.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatların partladılması kifayət qədər ciddi fəsadlar törədir. Yaralananlar və psixoloji sarsıntı keçirənlər olur, o cümlədən körpələr, xəstələr, hamilə qadınlar və qocalar arasında. Pirotexnika hətta liftlərdə də partladılır və nəticədə onlar sıradan çıxır. Halbuki “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunun 9-cu maddəsinə əsasən, partlayıcı maddələr və qurğular, tezalışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır.

O da mat-məəttəl qalır ki, bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? Şəhər və rayonlarda sərbəst şəkildə necə satılır? Qəliz sualdır, qardaşım!

 

Əsli TELMANQIZI