Qərar nə dərəcədə təsirli olacaq?


Baxıldı : 109

Tarix : 2017-06-02 21:56:17


Mayın 31-də Milli Məclisin plenar iclasında dövlət vəsaiti hesabına xaricdə təhsil alan gənclərin işlə təminatının asanlaşması məqsədilə "Dövlət qulluğu haqqında" qanuna nəzərdə tutulan dəyişiklik qəbul edilib. 

Dəyişikliyə görə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu müsabiqə yolu ilə tətbiq edilməyəcək, yəni birbaşa sənəd verəcəklər. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Qanuna dəyişikliyin qəbul edilməsi xaricdə təhsil alan gənclərin ölkəyə qayıtmaqlarına müsbət təsir edəcəkmi və yerli namizədlər üçün vakant yerlərin sayına maneçilk yaradacaqmı?

Suallarımızı cavablandırması üçün təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. O dedi ki, qəbul olunan qərar nə qədər cəlbedici görünsə belə, yenə də gənclərimiz geri qayıtmayacaqlar: "Əvvəla, onu deyim ki, bu proqram çərçivəsində 5 min azərbaycanlı gəncin dünyanın ən aparıcı universitetlərində dövlət büdcəsi vəsaiti hesabına təhsil alması nəzərdə tutulmuşdur. 2015-ci ildə son qəbul aparılarkən məlum oldu ki, ümumilikdə bu illər ərzində bu hüququ 3500 nəfərə yaxın şəxs qazanmışdır.  "Dövlət qulluğu haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə gəlincə isə, dövlətin bu kadrlara ehtiyacı olduğuna görə və onların oxuduqları universitetlərin dünyanın ən nüfuzlu təhsil ocaqlarından olduğunu nəzərə alsaq, əlbəttə, bu,  düzgün atılan addımdır. Çünki dövlət özünün sifarişi əsasında bu proqramı həyata keçirir. Amma Avropada və ya Amerikada dövlət büdcəsinin vəsaiti hesabına və ya öz hesabına oxuyan şəxs bir  ay ərzində 3000 avro pul qazanacaqsa və biz ona geri qayıdarkən 300-400 manatlıq iş təklif edəcəyiksə, imtahansız belə olsa,  əlbəttə ki, bu zaman onların geri dönməkdə heç bir marağı olmayacaqdır. Ancaq bu proqrama geri dönmənin vacibliyinə dair maddə əlavə olunsaydı, hesab edirəm ki, daha məqsədəuyğun sayılardı. Çünki bu zaman dövlətin onların təhsilləri üçün ayırdığı vəsait itməmiş olacaq.  Belə çıxır ki, dövlət öz vəsaiti ilə hansısa xarici ölkə üçün təcrübəli kadr hazırlayır.

O dəyişikliyin vakant yerlərin sayına görə yerli namizədlərə nə kimi təsirinə gəldikdə isə, bizim kifayət qədər nazirliklərimiz və dövlət komitələrimiz var. Ona görə də hər il verilən vakant yerlərin sayı da çox olur. Ümumilikdə isə, dövlət büdcəsi vəsaiti hesabına oxuyanların sayı da çox deyil. Son məzunlarımız 2021-2022-ci illərdə təhsillərini başa vuracaqlar və gedənlərin heç də hamısı dövlət orqanlarında işləyəcək kadrlar olmayacaq. Yəni onların müəyyən hissəsinin bitirdiyi ixtisaslar dövlət qulluğuna aid sahələr deyil. Əsas məsələ odur ki, istər xaricdə oxusun, istərsə də yerli universitetləri bitirsinlər, bizə dünya təhsilini, iqtisadiyyatını, mədəniyyətini və idarəçilyini  bilən peşəkar kadrlar lazımdır”.

Aliyə SƏMƏDOVA