Qərarların sərtləşməsinin təməlində məsuliyyətsizlik durur


Baxıldı : 2449

Tarix : 2020-06-05 06:06:58


“Karantin rejimi yumşaldılmalı idi, çünki nəzərə alsaq ki, bu virus hələ uzun müddət davam edəcək, sərt rejimin iqtisadi və sosial yöndə nəticələri daha ağır ola bilərdi”. Bunu qəzetimizə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev dedi. O bildirdi ki, yumşaldılma qaydalara ciddi riayət olunması şərtilə verilən qərar idi. Lakin insanlarımız məsuliyyətsizlik edərək bəzən qaydalardan kənara çıxırlar. Bu da bu gün gördüyümüz yoluxma sayının artmasına səbəb olur: “Hər gün mütəmadi olaraq insanlara qaydalarla bağlı xəbərdarlıq edilir, maskalardan istifadə olunması, zərurət olmadığı halda evdən bayıra çıxmamaları, şəxsi gigiyena qaydalarına riayət etmələri və sosial məsafəni qorumaları ilə bağlı tövsiyələr verilir. Ancaq, təəssüf ki, şəhərə çıxsaq, insanların əksəriyyətinin bu qaydaları pozmasını görə bilərik. Bu gün mən də, həmin xəstələrlə birbaşa işləyən həkim  olaraq, demək istəyirəm ki, bu xəstəliyə dırnaqarası yanaşmasınlar, xəstəxanalarda insanların necə mübarizə apardıqlarının, yaxınlarının da ən azı onlar qədər əziyyət çəkdiklərinin şahidi oluram”.

V.Əliyev onu da vurğuladı ki, bu virusun bitmə vaxtı, təəssüf ki, hələ məlum deyil: “Bildiyimiz kimi, bu virus yayılandan peyvəndlə bağlı araşdırmalar gedir. Lakin tam təsdiqini tapmış peyvənd, hələ ki, yoxdur. Və yaxın günlərdə də peyvəndin tapılacağı gözlənilmir. İnsanlar düşünürdülər ki, isti aylarda virus öz təsirini itirəcək. Ancaq isti ölkələrdə də bu virusun yayılması bunun heç də belə olmadığını göstərdi. Və nəzərə alsaq ki, artıq isti fəslin günlərini yaşayırıq və bu gün yoluxma sayı bu fikrin nə qədər absurd olduğunun əyani sübutudur. Düşünürəm ki, bugünkü cərimələrlə bağlı qərar yerində verilmiş qərardır. Çünki, fikrimcə, koronavirusa yoluxma bu ayın ortalarından pik həddə çatacaq. Cərimələrin tətbiqinə ciddi nəzarət olunmazsa, biz hətta xəstəliyin yayılmasının qarşısının alınmasında gecikə bilərik”.

V. Əliyev dedi ki, hər bir insan öncə öz həkimi olmalıdır: “Bunun üçün hər birimiz bəsit qaydalara riayət etməliyik. Virus olsun, ya olmasın, gigiyena qaydalarına hər zaman əməl etmək lazımdır. Qapalı mühitdə maska taxmağın, qaydalara əməl etməyin, sosial məsafəni qorumağın hər hansı zərəri yoxdur, ancaq faydası var. Yəni bu faydalı olan əməlləri bir az məsuliyyətli şəkildə anlayıb əməl etməyi tövsiyə edirəm. Çünki virusa yoluxma halı hazırda daha yüksəkdir. Biz artıq karantin rejiminin yumşadılmasına doğru gedirik. İndiki vaxtda yoluxma riski daha yüksəkdir. Qaydalara əməl etməsək, gec ola bilər. Qaydalara əməl etməklə, eyni zamanda digər insanlar arasında bunu təşviq etməklə həm özümüzü, həm də ailəmizi  qoruya bilərik. Başqa insanları da buna cəlb etməliyik. Bununla yoluxmanın sürətini xeyli azaltmış olarıq”.

İnfeksionist maska taxılmasının vacibliyi məsələsinə də aydınlıq gətirdi: “Düzdür, maska taxmaq bizi 100 faiz xəstəlikdən qorumur, xəstəliyin ötürücülüyünün qarşısının alınmasına yardım edir. Ancaq maska taxmağın da düzgün qaydalarını bilmək lazımdır. İnsanlar çox vaxt 3-4 gün eyni maskadan istifadə edir, həmin maskaları ciblərində, çantalarında gəzdirirlər. Hətta bəzən düşünürlər ki, əgər maskanı yuyub ütüləsək, o zaman yenidən istifadəsində problem olmayacaq. Ancaq bu, çox yanlış bir fikirdir. İstifadə etdiyimiz maskalar yalnız 2 saat üçün zəruridir. Bundan artıq istifadə bizim sağlamlığımız üçün çox zərərlidir. Çünki virus maskada qalır və biz nəfəs aldıqca həmin virusu nəfəs yolumuz vasitəsilə uduruq”.

 

Aliyə SƏMƏDOVA