Qətər işçilərin hüquqlarının qorunmasında yeni qanunlar qəbul edib


Baxıldı : 482

Tarix : 2020-09-04 14:45:44


Miqrant işçilər bildiriş müddətindən sonra artıq işdən sərbəst şəkildə çıxa və alternativ iş axtara bilərlər. Bu, Qətərin qəbul etdiyi yeni qanunda əks olunub.  Bununla da işəgötürənlərin işçilərin həyatı üzərində nəzarətinə son qoyulub.

Eyni zamanda Fars körfəzi ölkələrində ilk dəfə olaraq minimum əməkhaqqının müəyyən edilməsi də tarixi mərhələdir. Bu addımdan sonra 400 minə yaxın miqrant işçinin maaşı 33 faiz artacaqdır. Qidalanma və yaşayış yeri daxil olmaqla, 1800 Qətər rialı (494 ABŞ dolları) məbləğində minimum əməkhaqqı bütün işçiləri əhatə edəcək.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou bildirib ki,  Qətər əmək münasibətləri sistemini qaydaya salıb. İşçilər və işəgötürənlər arasında qüvvələrin disbalansı aradan qaldırılıb. Bu dəyişikliklər miqrant işçilərə  qanunlara hörmət edən, eləcə də şikayət və hüquqi müdafiə sistemləri ilə dəstəklənən bir gələcək təklif edir.

Miqrant işçilərə ( o cümlədən ev işçilərinə), fəaliyyətindən asılı olaraq, minimum əməkhaqqının ödənilməsi üç variantda təklif olunacaq:

-İşəgötürən tərəfindən verilən qida və mənzil ilə 1000 Qətər rialı;

-İşəgötürən tərəfindən qidalanma olmadan təqdim edilən əlverişli mənzil ilə 1500 Qətər rialı;

-Yaşayış yeri və qidalanma olmadan işəgötürən tərəfindən verilən 1800 Qətər rialı.

Ş.Barrou deyib ki, Fars körfəzi ölkələrində həyatın dəyəri haqqında məlumatlara əsaslanan ayrı-seçkilik qoyulmadan müəyyənləşən ilk minimum əməkhaqqı tətbiq edilərkən Qətərdə miqrant işçilərin iyirmi faizinin maaşları artırılacaq. Yeni minimal əməkhaqqı işçinin əmək müqaviləsində göstərilən məbləğdən asılı olmayaraq tətbiq ediləcək.

Kənd təsərrüfatı, təmizlik, ev işçiləri və inşaatçılar Qətərdə ən aşağı ödənişli işçilər sırasındadır. Baş katib digər Fars körfəzi ölkələrini də bu məsələdə Qətərdən nümunə götürməyə çağırıb. İşəgötürənlərə yeni qaydalara riayət etmək üçün altı ay vaxt verilib. 

Qətərdə Minimum Əməkhaqqı Komissiyası yaradılıb. Bu komissiya minimum əməkhaqqı dərəcəsini vaxtaşırı nəzərdən keçirəcək.