Qətliamla bağlı şeirlər səsləndirildi


Baxıldı : 56

Tarix : 2019-03-04 04:46:29


Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Binəqədi rayonunda yerləşən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən zorakılığa məruz qalan müxtəlif yaşlı uşaqlardan ibarət Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzini ziyarət ediblər.

Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Mərkəzdə olan ziyarətçilər burada yerləşdirilmiş uşaqların vəziyyəti və problemləri ilə yaxından tanış olublar.

Görüşdə Komitənin fəaliyyəti və Azərbaycan diasporunun ölkə həqiqətlərinin, xüsusən də Xocalı soyqırımının dünyanın müxtəlif yerlərində təbliği istiqamətində həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verilib.

Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə Komitənin əməkdaşlarına bu cür təşəbbüsə görə minnətdarlığını bildirib. Qeyd edib ki, yalnız bayram günlərində deyil, xalqımızın matəm və anım günlərində də nəvazişə və xüsusi qayğıya ehtiyacı olan uşaqların ziyarət edilməsi təqdirəlayiq haldır. Daha sonra K. Ağazadə Azərbaycan Uşaqlar Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi barədə geniş məlumat verib.

Görüşdən sonra sığınacaqdakı uşaqlar Komitənin əməkdaşlarına Xocalı soyqırımı ilə bağlı çəkdikləri rəsm əsərlərini və yazdıqları inşaları təqdim edib, qətliamla bağlı şeirlər səsləndiriblər.