“Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə”


Baxıldı : 61

Tarix : 2018-06-02 02:32:19


May ayının 30-31-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Qeyri-formal əmək münasibətlərinin qarşısının alınması məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının ölkədə layiqli əməyin təmin olunması istiqamətində də mühüm addımların atılmasına imkan yaratdığını vurğulayıb. BƏT-lə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”ndan bəhs edən nazir müavini BƏT-in layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində ölkəmizdə aparılan işləri qeyd edib.

İ.İsayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq normativ- hüquqi aktların, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı 36 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərin hər biri üzrə sosial tərəfdaşlarla fəal əməkdaşlıq müstəvisində müvafiq işlər aparılır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov çıxış edərək dedi ki, bütün dövlətlərdə, o cümlədən Avropa ölkələrində qeyri-formal iqtisadiyyat  mövcuddur.  Azərbaycan da, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bu meyildən kənarda deyildir.

Məlumdur ki, bu sektorda çalışan işçilər sosial müdafiədən kənardadırlar. Məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən onlar öz əsas hüquqlarından tam istifadə edə bilmirlər. Bu, əmək şəraitinin, əmək gigiyenasının, ümumilikdə əməyin mühafizəsinin olmaması, gəlirlərin azlığı və qeyri-müntəzəmliyi ilə səciyyələnir. Bu halda sosial tərəfdaşlarımızla qarşıda duran əsas vəzifəmiz qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyatla əvəz olunması üçün təxirəsalınmaz addımlar atmaqdır.

Sədr müavini bir məsələni xüsusi diqqətə çatdırdı ki, qeyri-formal iqtisadiyyatın, qeyri-formal məşğulluğun ölçülməsinə beynəlxalq təşkilatlarla yerli qurumların yanaşması fərqlidir. Məsələn, yerli rəsmi məlumatda bu göstərici 9, beynəlxalq təşkilatların hesabatlarında 60 faizdən çox təqdim olunur. Biz bu fərqi aradan qaldırmaq üçün nəzərinizə çatdıracağım addımların atılmasını zəruri sayırıq. İlk növbədə dəqiq statistika olmalıdır. Buna nail olmaqdan ötrü statistika sahəsində normativ-hüquqi sənədlər təkmilləşdirilməlidir.

Qanunvericilik aktlarında öz əksini tapması vacib olan məsələlərdən biri də qeyri-formal məşğulluq anlayışının dəqiq formalaşdırılmasıdır. Dəqiq anlayışlar olmadan qeyri-formal məşğulluğun miqyasını müəyyən etmək mümkün deyildir. Burada iki yanaşma tələb olunur: qeyri-formal iqtisadiyyat, qeyri-formal məşğulluq. Hər iki anlayışın dəqiqləşdirilməsinə və qanunvericilik aktlarında öz əksini tapmasına ehtiyac vardır.

Başqa mühüm məsələ qeyri-formal sektorda çalışan işçilərin sosial müdafiəsinin qanunvericiliklə gücləndirilməsidir. Birbaşa desək, işəgötürənlərə qarşı cəzaların sərtləşdirilməsidir.

C.Alxasov sonra dedi, təbii ki, həmkarlar ittifaqı olaraq bu sahədə bizim də öhdəliklərimiz vardır. İlk növbədə həmkarlar ittifaqları təmsilçiləri işçilər arasında əmək hüquqlarına dair maarifləndirmə işləri aparmalı, kiçik və orta sahibkarlıq müəssisələrində və qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların (əsas diqqət qadın və gənclərə yetirilməklə) daha yaxşı təmsil edilmələri və sosial müdafiəsinin təşkili üçün daha səmərəli işlər görülməlidir.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ölkə Ofisinin əməkhaqqı üzrə mütəxəssisi Nikolas Ştuder çıxış edərək gündəlikdə duran məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə yerli mütəxəssislər və BƏT-in ekspertləri “Bugünkü iş dünyasında qeyri-standart məşğulluq formaları”, “Beynəlxalq təcrübədə əmək münasibətləri anlayışı”, “Əmək münasibətlərinin yanlış təsnifatı haqqında”, “Avropa İttifaqında qanunvericiliyin tətbiqinə məsul orqanların təcrübələri” və s. mövzularda təqdimatlar etdilər.

Sonra konfrans işini qruplarda davam etdirdi. Qruplarda “Təcrübədə konkret halların təhlili”, “Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər” mövzularında müzakirələr aparıldı.