“Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri”


Baxıldı : 247

Tarix : 2018-03-09 23:00:52


Martın 6-7-də Bakıda Beynəlxaq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı  ilə “Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri” mövzusunda seminar keçirilib.

Tədbiri AHİK sədrinin birinci müavini İlyas Əliyev açıb. O, seminarın mövzusunun aktuallığını diqqətə çatdıraraq planetimizdə 15-29 yaş arası 70-80 milyon gəncin işsiz olduğunu qeyd edib. Bu isə bütün dünya üzrə gənclərin 30-35 faizinin işsiz olduğu anlamına gəlir. Azərbaycanda bu göstərici 13,5 faizə yaxındır. Hər bir ölkədə problemin qarşısının alınması istiqamətində aidiyyəti qurumlar müxtəlif işlər görür. Lakin təşkilatlanma hələ yekdil səviyyədə deyil. Hər bir qurum ayrılıqda bu işin öhdəsindən gəlməyə çalışır.

İlyas müəllim bildirib ki, burada səslənən fikirləri təklif şəklində qeyd etməliyik. Çünki bizim amalımız gənclərin cəmiyyətdə öz yerini tutmasıdır. Buna görə də müzakirəyə çıxarılan məsələlər cəmiyyətə təqdim olunmalıdır.

əvvəli səhifə 1-də

AHİK sədrinin birinci müavini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərfli Komissiyanın apardığı işlərin əhəmiyyətindən də danışıb. Həmçinin sosial tərəfdaşlar arasında növbəti iki il üçün Baş Kollektiv Sazişin bağlanmasını, burada nəzərdə tutulan məsələləri diqqətə çatdırıb.

İ.Əliyev peşə təhsili müəssisələrinin sahibkarlarla sıx əlaqədə çalışmalı olduğunu deyib: “Gənclərin seçdikləri peşələrə yiyələnməsi üçün təcrübələrin keçirilməsinin də böyük əhəmiyyəti var. Bu təhsil ocaqlarında xarici dil kursları da tədris olunmalıdır ki, gələcəkdə işçilərimiz gedib başqa ölkələrdə də çalışa bilsinlər”.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov gənclərin məşğulluğu sahəsində olan problemlərdən danışıb. Qeyd edib ki, istər peşə, istərsə də ali məktəbi bitirən gəncləri sahibkarlar staj olmadan işə götürmək istəmir. Təəssüf ki, ölkəmizdə gənclər peşə təhsili məktəblərinə bir o qədər də meyl göstərmirlər. Daha çox universitetlərdə oxumağa üstünlük verirlər. Bu fərqli yanaşmanı dəyişmək üçün orta məktəblərdə şagirdlər arasında maarifləndirici tədbirlər təşkil olunmalıdır.

BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı sahəsində görülən işlərdən danışıb: “Əməkdaşlıq proqramının əsas prioritetlərindən biri gənclərin məşğulluğu və qeyri-formal məşğulluğun aradan qaldırılmasıdır. İlk şərtlərdən biri sosial dialoqun inkişafıdır.  Azərbaycan Respublikası tərəfindən BƏT-in bir çox konvensiyaları, o cümlədən məşğulluq siyasəti haqqında 122 saylı konvensiyası ratifikasiya olunub. Sosial dialoqun aparılmasında həmkarlar ittifaqlarının rolu xüsusi qeyd edilməlidir”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə Yönümü və İşəgötürənlərlə Əməkdaşlıq Şöbəsinin böyük məsləhətçisi İxtiyar Abdullayev peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə geniş məlumat verib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı görülən işlərdən danışıb. Vurğulayıb ki, 2016-2017-ci tədris ilindən başlayaraq həyata keçirilən “Asan Peşə” layihəsi bu tədris ilində bütün ölkəni əhatə edib. 2020-ci ilə qədər yenidən qurulması nəzərdə tutulan 10 pilot peşə təhsili müəssisəsi müəyyən olunub. Bu il 4 regionda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının qrant layihələri çərçivəsində işlər həyata keçirilir.

İşəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi üçün müəyyən işlər görülür. Onların təklifləri və sorğuları qəbul olunur. Dövlət Məşğulluq Xidməti ilə qarşılıqlı anlaşma yaradılıb. Valideynlərin də prosesə cəlb olunması diqqətdə saxlanılır. Sahibkarlıq sahəsində uğur qazanan iş adamları ilə peşə məktəblərində görüş təşkil olunur. Peşə təhsili sistemində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Məşğulluq Siyasəti və Demoqrafiya Şöbəsinin müdiri Elnur Süleymanov qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu problemi və onların həlli yollarından danışıb. O, ölkə başçısının sərəncamı ilə yeni yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının bu sahədə gördüyü işlər barəsində də məlumat verib. E.Süleymanov hazırda ölkəmizdə 900 minə yaxın insanın qeyri-rəsmi çalışdığını deyib.

AHİK-in Zəhmətkeşlərin Mədəni-Məişət Problemləri üzrə Analitik Tədqiqat Şöbəsinin müdiri Namiq Hüseynov Azərbaycanda gənclərin məşğulluğu ilə bağlı tendensiyalar və çağırışlar, həmkarlar ittifaqlarının mövqeyi barəsində çıxış edib.

Deyib ki, gənclər arasında işsizliyin artmasına əmək sahəsində olan dəyişikliklər də təsir göstərir. Texnologiyanın inkişafı, süni intellekt və robotlar qarşıdakı illərdə dünya əmək bazarında 7 milyon iş yerinin itirilməsinə səbəb olacaq, lakin yenilikləri tətbiq etmək üçün 2 milyona qədər yeni vakansiya meydana gələcək. Dəyişikliklərin ən çox qadınlara təsir edəcəyi bildirilir.

Onu da diqqətə çatdırıb ki, AHİK son beş ildə hökumət və işəgötürənlər təşkilatları ilə üç ümumi razılaşmaya imza atıb. Həmçinin onların diqqətini mövcud olan məsələlərin həllinə yönəldib. Eyni zamanda AHİK üzv təşkilatlara sadalanan problemlərin həlli üçün bir sıra tövsiyələr də verir.

Proqnozlara görə, gələcəkdə ölkənin rabitə, informasiya texnologiyaları, elektronika sahəsində ixtisaslı işə ehtiyac çoxalacaqdır. 

Sonra tədbir qruplar şəklində diskussiyalarla davam edib. Qruplarda gənclərin məşğulluğu, yeni iş yerləri, layiqli əməkhaqqı, sosial imtiyazlar və bir sıra məsələlər müzakirə olunub.  

Seminarda AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov da iştirak edib.

Azər MUSTAFAYEV