Qeyri-müəyyənlik banklara inamı azaldır


Baxıldı : 198

Tarix : 2016-02-27 04:57:00


Yanvar ayının 19-da Milli Məclisdə keçirilən iclasda bir sıra qanunlara, o cümlədən Vergilər Məcəlləsinə təcili dəyişikliklər edildi. Edilən dəyişikliklərdən birinə görə, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.Bir aydan çox vaxt keçsə də, qanun indiyədək qüvvəyə minməyib. Konstitusiyanın 98-ci maddəsinə görə, qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Vergilər Məcəlləsinə edilmiş müvafiq dəyişikliklər Prezident tərəfindən təsdiq edilməyib və rəsmi mətbuatda dərc olunmayıb.Bir çox Azərbaycan vətəndaşı Milli Məclisin qanuna dəyişiklik etməsini, \ qanunun qüvvəyə minməsi\ ilə səhv saldığından bu gün banklar yeni problemlərlə üzləşiblər. Banklar, mövcud qanuna görə, əmanətlər üzrə ödənilən 500 manatdan artıq illik gəlirdən vergini hesablayırlar, əmanətçilər isə buna \ əmanət gəlirləri vergidən azad edilib\ deyərək etiraz edirlər. Bir çox əmanətçiləri başa salmaq mümkün olmur, onlarda bank sektoru barədə mənfi fikir formalaşır.Banklardan bildirilib ki, narazı müştərilərin sayı həddindən artıq çoxdur. Onlar Milli Məclisin əmanətləri vergidən azad etdiyini bildirərək əmanət gəlirlərindən verginin tutulmasına etiraz edirlər. Bu cür qeyri-müəyyənlik banklara inamı daha da azaldır. Eyni zamanda mübahisələrə və vaxt itkisinə səbəb olur.Qeyd edək ki, hazırda qüvvədə olan Vergilər Məcəlləsinə görə, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin 500 manatadək olan hissəsi gəlir vergisindən azaddır.Cavid SƏFƏROV