“Qeyri-rəsmi məşğulluqla mübarizə"


Baxıldı : 42

Tarix : 2017-10-27 23:50:03


Oktyabrın 20-də Bakıdakı "Royal" hotelində 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin təşkilatçılığı ilə "Qeyri-rəsmi məşğulluqla mübarizə: uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti" mövzusunda seminar keçirilmişdir.

Tədbirdə müfəttişliyin, Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin, Azərbaycan Tibb Universitetinin, işəgötürənlər konfederasiyasının və digər təşkilatların nümayəndələri çıxış etmişlər. AHİK-in Əməyin Mühafizəsi Şöbəsinin müdir müavini Əli Mədətov çıxış edərək gündəlikdə olan məsələ ilə əlaqədar təmsilçisi olduğu qurumun gördüyü işlərdən danışmış və təkliflərini diqqətə çatdırmışdır. O demişdir, AHİK uşaq və yeniyetmələrə dair üzərinə düşən vəzifələrin icrasına xüsusi diqqət yetirir. Fəaliyyətini əsasən bilik bazasının yenilənməsinə, uşaq əməyinin ən pis formalarının qarşısının alınması üzrə bacarıqların inkişaf etdirilməsinə, uşaqların keyfiyyətli təhsilə, təlimə və digər xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsinə yönəldir. AHİK-in və üzv təşkilatların nəzdində uşaq əməyi ilə bilavasitə məşğul olan strukturlar yaradılır. Bundan başqa, sosial tərəfdaşlarla əməkdaşlıq genişlənir, kollektiv müqavilələrə uşaq əməyi ilə bağlı müddəalar daxil edilir.

AHİK 2016-cı ildə respublikanın 4 zonasında uşaq əməyi ilə bağlı seminar-müşavirələr keçirmişdir. Bu seminar-müşavirələrə üzv təşkilatların sədrləri, fəalları, icra hakimiyyətinin nümayəndələri, Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri cəlb olunmuşdur. İştirakçılara AHİK tərəfindən hazırlanmış metodik vəsaitlər və broşüralar paylanmışdır.

Sonra məruzələr ətrafında müzakirələr aparılmışdır.