Qəzaya səbəb rəhbərliyin səhlənkarlığıdır


Baxıldı : 84

Tarix : 2017-01-06 21:55:16


Hindistanın Carxand bölgəsində kömür mədəninin çökməsi nəticəsində çoxlu sayda işçi yaralanıb. İtkin düşənlərin sayının ilkin olaraq 18 nəfər olduğu bildirilib. Lalmatiya mədənində baş verən torpaq sürüşməsi və çökmə  dekabrın 29-u meydana gəlib. Şaxta dünyanın ən böyük mədən korporasiyalarından olan " Coal İndia Ltd"-yə məxsus "Şərqi Daş-Kömür Hövzəsi"  (ŞDKH) törəmə şirkətinindir.  Təbii Fəlakətlərə Qarşı Çevik Müdaxilə Beynəlxalq Təşkilatı 17 saat sonra hadisə  yerinə çatıb və xilasetmə əməliyyatı hələ də  davam etdirilir. Şaxtada çalışanların əksəriyyəti müqavilə əsasında çalışan miqrant işçilərdir. Məlumata görə, faciənin baş verməsindən cəmi bir neçə gün əvvəl fəhlələr təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən işləməkdən imtina ediblər. Lakin şirkət kiçik torpaq sürüşmələrini nəzərə almayaraq onları çalışmağa məcbur edib, gözlənilən təhlükələrə qarşı heç bir addım atılmayıb. Şirkət hadisə zamanı şaxtada çalışanların düzgün siyahıya alınmasını da həyata keçirməyib. Buna görə də ölən və itkin düşənlərin dəqiq sayı bilinmir.

İndustriALL Qlobal İttifaqına daxil olan Hindistanın Milli Şaxtaçılar Federasiyasının baş katibi  S. Q. Zama məsələ ilə bağlı bildirib ki, qəzaya səbəb mədən rəhbərliyinin göz önündə olan texniki problemlərə səhlənkarlığı olub: "Burada təkcə təhlükəsiz əmək şəraitinin yaradılmasında deyil,  işəgötürmə və işçilərin hüquqlarının qorunması zamanı böyük qanun pozuntuları mövcud idi. Hökumət gələcəkdə belə problemlərin yenidən ortaya çıxmaması üçün Beynəlxalq Əmək Təşkilatının 176 saylı  Konvensiyasının ratifikasiyasını həyata keçirməlidir".

ŞDKH  şirkəti yaralanan işçilərin müalicə xərclərini öz üzərinə götürüb və müəyyən məbləğdə kompensasiya ödəniləcəyini də açıqlayıb. Həyatını itirən işçilərin ailələrinə isə 7300 ABŞ dolları veriləcəyi bildirilib. Həmkarlar ittifaqı isə bu məbləğin az olduğunu və ölənlərin ailələrinə 29300 ABŞ dolları ödənilməsini tələb edib.

"Coal İndia" şirkəri hadisənin  araşdırılması üşün xüsusi komitə yaradıb və bir ay ərzində ictimaiyyətə nəticələrin açıqlanacağı bildirilib.

 Cavid  SƏFƏROV