Qida məhsullarında səmərəlilik və optimallıq təmin ediləcək


Baxıldı : 47

Tarix : 2017-12-01 22:01:18


Ölkədə əhalinin həyat və sağlamlığı üçün önəmli olan bir sahədə - qida təhlükəsizliyinin təminatında ciddi addımlar atılır. Bir neçə gün əvvəl ölkə Prezidenti qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə  Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə fərman imzaladı. Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayacaq.

Agentlik şəhərlə bərabər rayon və kəndlərdə də qida təhlükəsizliyinə nəzarəti təmin edəcəkmi? Qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi ilə bərabər, qiymətlərinin də tənzimlənməsi agentliyin səlahiyyətlərinə daxildirmi?

Suallarımızı cavablandıran İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mütəxəssisi Namiq Şalbuzov dedi ki, Qida Təhlükəsizliyi Agentliyinin strukturunda mərkəzi aparatla yanaşı, regional bölmələr də yer alır. Beləliklə də Agentlik şəhərlə bərabər rayon və kəndlərdə də qida təhlükəsizliyinə nəzarəti tam təmin edəcək. Bu sahədə idarəetmənin səmərəliliyi və optimallığı bərpa olunacaq: "Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına,  ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarətin gücləndirilməsinə səbəb olacaq. Onu da qeyd edim ki, istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir".

N.Şalbuzov qeyd etdi ki, ölkədə qiyməti tənzimlənən məhsul və xidmətlərin siyahısı bəllidir və bu iş ancaq Tarif Şurası tərəfindən həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi isə qida zəncirinin bütün mərhələlərində yalnız qida məhsullarının keyfiyyətinə, qida təhlükəsizliyinə və qida sahəsində çalışan işçilərin hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirəcək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə mövzuyla bağlı deyib ki, əsasnamədə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə fəaliyyətinin qeyd olunması müsbət haldır: "Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsində qanunvericiliyə riayət olunması önə çəkilir.

Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri bizi qane edir. Xüsusilə "Gömrük məntəqələrində nəzarətin həyata keçirilməsi"əlavəsi çox əhəmiyyətlidir.

Düşünürəm ki, bu qurumun fəaliyyəti

ndə ictimai təşkilatlarla qarşılıqlı əlaqə təşkil olunmalıdır və beynəlxalq təşkilatların təcrübəsindən istifadə edilməlidir".

AİB bu qurumdan çox şey gözləyir. Biz gözləyirik ki, kollegiyanın tərkibinə ictimai təşkilatın nümayəndəsi də daxil olsun. Çünki burada istehlakçının səsini kollegiyaya çatdıran mexanizm olmalıdır. 

Əsli ƏHMƏDOVA