Qida təhlükəsizliyi mühüm şərtdir


Baxıldı : 252

Tarix : 2017-02-25 00:32:29


Fevralın 10-da Prezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyi yaradılması haqqında Fərman imzalayıb. 2018-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək" prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Agentliyin yaradılması ekspertlər tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi baxımından irəliyə doğru addım hesab olunur. Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov müxbirimizə deyib ki, bu, hər şeydən əvvəl sosial məsələdir, insan sağlamlığı və bütövlükdə, əhalinin sağlamlığı ilə əlaqədardır. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi sürətlə inkişaf edən kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə, artırılmasına bilavasitə müsbət təsir göstərir. Bu, eyni zamanda iqtisadi aspektli, insan hüquq və azadlıqları ilə əlaqədar məsələdir. Xüsusilə də istehlakçıların hüquqlarının qorunması ilə bağlıdır: "Əvvəllər də qida təhlükəsizliyi haqqında qanun layihəsi hazırlanmışdı, lakin belə bir qanun qəbul olunmadı. Qanun olmayan yerdə də mütləq cinayət olur, yəni insanlara təhlükəli qidalar təklif edilir. Və bəzi biznes qurumları dövlətin onlar üçün yaratdığı toxunulmazlıq şəraitindən sui-istifadə edir və ölkənin əmtəə bazarına təhlükəli qidalar çıxarırlar. Bu baxımdan da belə bir qurumun fəaliyyəti sevindirici haldır. Əgər bu Agentlik uğurlu iş apararsa, Azərbaycanın qida sektoru inkişaf edəcək və Azərbaycan mallarının xarici bazarlara çıxmağa imkanları yaranacaq, daxili istehsalat artacaq və xarici asılılıq azalacaqdır".

Aliyə SƏMƏDOVA