Qida zəhərlənməsi riski yüksəkdir


Baxıldı : 100

Tarix : 2017-07-28 20:31:04


Bakıda toyuq dönərinin satışı 10 ildən çoxdur ki, qadağan edilib. Amma buna baxmayaraq, toyuq dönəri satan obyektlərin sayı getdikcə artır. Dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər. Onlar toyuq dönəri satmalarını müxtəlif cür izah ediblər.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  bildirib ki, ümumiyyətlə, dönər satışı sahəsində hərc-mərclik baş alıb gedir: "Ötən il monitorinq apardıq və məlum oldu ki, dönər satışı aparan obyektlərin 98 faizi, qadağan olunmasına baxmayaraq, toyuq ətindən də istifadə edir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırlayıb. Qaydaya görə, dönərlər şişə taxılıb, üzəri sellofanla örtüləndən sonra dönərxanalara verilməlidir, bunu hazırlayan şirkətlər də müəyyən olunub. Lakin dönərxanaların 95 faizi əti o müəssisələrdən almır.

Toyuq dönərinə qoyulan qadağanın aradan qalxması üçün  Azad İstehlakçılar Birliyi olaraq Səhiyyə naziri Oqtay Şirəliyevə rəsmi məktub yazdıq. 

Lakin bizə Səhiyyə Nazirliyindən məktub gəldi ki, qadağanın götürülməsi hələ məsləhət görülmür.

E.Hüseynov deyib ki, əhalinin toyuq dönərinə tələbatı var. Çünki toyuq dönərində ətin mənşəyinin nə olduğu bilinir. Düzdür, toyuq əti tez çirklənir, lakin Azərbaycanda quş qripi yoxdur. Düşünürəm ki, bu qadağa götürülməlidir.

Bəzi sahibkarlar yoxlamaların dayandırılmasından da sui-istifadə edir: "Son istifadə tarixi bir il keçən məhsullar var. Onunla bağlı bütün rəsmi qurumlara məlumat verdik, amma gedib onu satışdan çıxarmadılar. Bizim də ixtiyarımız yoxdur.  Bəli, biznes qurumları onlar üçün yaradılmış şəraitdən sui-istifadə edir. Ölkədə qidanın təhlükəsizliyi haqqında qanun yoxdur, qanun olmayan yerdə cinayət baş verir. Ölkə prezidentinin bu il fevralın 10-da imzaladığı fərman əsasında yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinə böyük ümidlə baxırıq".

Səhiyyə Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib: "2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb".

Şöbə müdirinin sözlərinə görə, isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir. Ona görə də sakinlər dönər alarkən diqqətli olmalıdırlar.