Qış tətili günlərində keçirilən Yeni il şənlikləri


Baxıldı : 272

Tarix : 2018-01-19 19:00:40


Qış tətili günlərinə təsadüf edən Yeni il şənlikləri ilə əlaqədar keçirilən maraqlı və əyləncəli tədbirlər uşaqların zövqünü oxşayır, onların bir fərd kimi yetişməsində mühüm rol oynayır.

Yaxın keçmişdə Yeni il şənliklərinin təşkili ilə əlaqədar bütün təşkilati və yaradıcı məsələlər dövlət qurumları və ictimai təşkilatların ciddi nəzarəti altında idi. Yeni il şənliklərinə hazırlıq işləri ilə əlaqədar həmkarlar ittifaqı mərkəzində  xüsusi Qərargah yaradılırdı. Hədiyyələrin alınması, biletlərin tərtibatı və proqramın tam qəbulu bu Qərargahın xüsusi tədbirlər planına əsasən həyata keçirilirdi. Ssenarilər qabaqcadan təsdiq edilir, Müəllif Hüquqları Agentliyində qeydə alınır, şənlik tədbirləri işçilərinin ( Şaxta baba, Qar qız, kütləvi işçilər, musiqiçilər) ixtisaslarını artırmaq üçün yüksək səviyyəli mütəxəssislərin dəvət olunduğu seminarlar təşkil olunurdu.

Son zamanlar, demək olar ki, bu iş sistemi pozulub. Müəssisə və təşkilatlar, həmkarlar ittifaqı komitələri özəl qurumların müstəqil keçirdikləri yolka şənliklərinə yalnız biletlər əldə edir, işçilərinin övladlarının bu əyləncəli tədbirlərdə iştirakına çalışırlar.

Yeni il şənliklərinə hazırlıq işlərinin necə aparılması ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi bir çox yolka şənliklərində olmuş, təhlillər aparmışdır. Təhlillər nəticəsində belə qənaətə gəlinmişdir ki, ayrı-ayrı yerlərdə keçirilən şənliklərin əksəriyyəti, demək olar ki, eyni ssenaridə hazırlanmışdır. Darıxdırıcı məzmunlu tamaşalar, zəif tərtibat, repertuara ( Yeni il ilə bağlı) uyğun olmayan mahnı və rəqslər təşkilati işlərin lazımi səviyyədə aparılmamasından xəbər verirdi. Təşkilatçılar bu sahəyə nə qədər ciddi yanaşsalar da, hiss olunurdu ki, uşaq tədbirlərinin xüsusiyyətlərini bilmirlər. Mədəni-kütləvi tədbirlər uşaqları əyləndirməklə yanaşı, həm də tərbiyə əhəmiyyəti daşıyırlar. Bundan başqa, şənliklərdə heç bir tibbi xidmət, səhiyyə nəzarəti də yox idi.

Xatırlatmaq istəyirəm ki, bayram günlərində uşaqlar üçün təşkil olunan əyləncəli tədbirlər onların dünyagörüşünü, estetik zövqlərini artırmalı və asudə vaxtlarının səmərəli təşkilinə xidmət etməlidir. Uşaqların tərbiyəsi və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların istirahəti də həmişə AHİK-in diqqət mərkəzindədir.

Xoşqədəm BAĞIROVA,

AHİK-in mütəxəssisi