Qısa müddətə böyük uğurlara imza atmağı bacardı


Baxıldı : 180

Tarix : 2017-11-18 00:56:10


Noyabrın 14-də Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının I hesabat-seçki konfransı keçirildi. Konfransda ittifaqın sədri Mehman İsmayılovun hesabat məruzəsi dinlənildi. M.İsmayılov dedi ki, ittifaqımız təsis olunduğu vaxtdan - 2014-cü ilin fevral ayından üzvlərinin əmək, sosial hüquqlarının müdafiəsini, onların, eləcə də ailə üzvlərinin istirahətinin təşkilini fəaliyyətinin prioritet istiqaməti sayıb. Bununla yanaşı, dövlət, milli, dini bayramlarımızı, digər əlamətdar günləri ittifaq üzvləri ilə birlikdə, təntənəli şəkildə qeyd etmişik.

Məlumat üçün deyim ki, nazirliyin aparatında və struktur bölmələrində çox sayda qadın və gənc çalışır. Bu təbəqələrdən olan işçilərin hər biri qayğımızın əhatəsindədir. Hər il 2 Fevral - Gənclər Günündə nazirliyin akademiyasında və Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında tədbirlər təşkil olunur. Vəzifə borcunu layiqincə yerinə yetirən gənc əməkdaşlar ittifaqın Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar. Son üç ildə bu mükafatlara ümumilikdə 267 gənc layiq görülüb.

3 ittifaq üzvümüz AHİK-in təsis etdiyi "İlin gənci" nominasiyasının qalibləri sırasında olub.

8 Mart - Beynəlxalq Qadınlar Gününü zərif cinsin nümayəndələri üçün əsl bayrama çevirməyə səy göstəririk. Bu münasibətlə keçirilən tədbirlərdə qabaqcıl qadın işçilərə, yubiley yaşı tamam olan ağbirçək əməkdaşlara ittifaqın Fəxri fərmanları, hədiyyələr verilir.

 İnşaatçılar gününün təntənəli qeyd olunması artıq ənənəyə çevrilib.

Hər il aprelin 10-da nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında onlarla əməkdaşın iştirakı ilə keçirilən yığıncaqlar işində fərqlənən əməkdaşların mükafatlandırılması ilə başa çatır.

2015-ci ildə Dövlət Yanğından Mühafizə Xidmətində, "İzaton" Xüsusi Kombinatında, Dövlət Sularda Xilasetmə Xidmətində, Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində, Xüsusi Riskli Xilasetmə Xidmətində nazirliyin yaranmasının 10 illiyi ilə əlaqədar toplantılar keçirilmişdir.

Peşə vəzifəsini yerinə yetirərkən uğurlara imza atmış, yubiley yaşı tamam olan əməkdaşlara xatirə hədiyyələri və ittifaqın Fəxri fərmanları təqdim edilmişdir.

Bildiyiniz kimi, 2016-cı ildə Çernobıl qəzasının 30 ili tamam oldu. MDB ölkələrində, o cümlədən Azərbaycanda bu kədərli tarix silsilə tədbirlərlə xatırlandı. Bizim nazirliyin də struktur qurumlarında Çernobıl qəzasının nəticələrini aradan qaldırarkən radiasiyaya məruz qalmış insanlar çalışır. Nazirliyin, AHİK-in, Çernobıl Əlilləri İttifaqının məsul işçilərinin, sahə ilk həmkarlar ittifaqı komitələri sədrlərinin də iştirakı ilə keçirdiyimiz dəyirmi masada Çernobılda radiasiyaya məruz qalmış azərbaycanlıların və onların ailə üzvlərinin sosial- iqtisadi hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərdən danışıldı. FHN-də işləyən bir qrup Çernobıl iştirakçısına qiymətli hədiyyələr təqdim olundu.

M.İsmayılov ittifaq üzvlərinin maarifləndirilməsi istiqamətində atılan addımlardan da danışdı. Dedi ki, HİK sədrləri və fəalları hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan tədris kurslarında işin təşkili və idarə edilməsi üzrə biliklərini artırırlar. Onlarla ilk təşkilat sədri və fəalı hesabat dövründə müxtəlif mövzularda keçirilmiş seminarlarda iştirak etmişdir.

Məruzədə işçilərin istirahətinin təşkili sahəsində həyata keçirilən işlərə də geniş yer ayrıldı. Bildirildi ki, ittifaqımız təsis edildiyi ilk aylardan sahə işçilərinin sağlamlığı diqqətimizdə olub. Belə ki, yaz aylarından geniş, çeşidli tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq 2014-cü ilin yay aylarında 700 nəfərdən çox ittifaq üzvünün (ailələri ilə birlikdə) Qəbələ rayonunda qısamüddətli istirahəti təşkil edildi. Yollayışın dəyərinin 15 faizini ödəməklə 850 əməkdaş öz ailə üzvləri ilə birlikdə Nabran qəsəbəsində yerləşən "Malibu", "Orman" istirahət mərkəzlərində dincəlmişlər. Bu ənənə sonrakı illərdə də davam etmişdir.

Natiq ittifaqın fəaliyyətinin digər istiqamətlərindən də söz açdı. Vurğuladı ki, aztəminatlı ailə başçısı olan əməkdaşların müraciətinə həmişə xeyirxahlıqla yanaşmışıq, ehtiyacı olanlara maddi yardımlar göstərmişik. Bundan əlavə, hadisə yerində xəsarət almış FHN əməkdaşlarının da sağlamlığının bərpasına xərclənən vəsaitin müəyyən qismini ittifaqın büdcəsindən ayrılması barədə qərarlar qəbul etmişik.

Mehman müəllim onu da diqqətə çatdırdı ki, ittifaqımız üzvlərinin ailələrinin də qayğısına qalmağı başlıca vəzifələrindən sayır. Hər il Yeni il, Novruz bayramlarında əməkdaşların uşaqları üçün Nizami Kino Mərkəzində, Əl Oyunları Sarayında şənliklər təşkil olunur. Şənliklərdə uşaqlara pulsuz hədiyyələr paylanır.

Məruzədə ittifaqın hesabat illərində göstərdiyi fəaliyyətin digər sahələri barədə də geniş məlumat verdi.

Konfrans təftiş komissiyasının hesabatı və məruzələr ətrafında çıxışlarla davam etdi. Çıxışlarda 2018-ci il fevral ayında keçiriləcək AHİK-in V qurultayında Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyevin yenidən sədr vəzifəsinə namizədliyinin irəli sürülməsi təklif olundu.

Konfransda təşkilati məsələyə baxıldı. Mehman İsmayılov ittifaqın sədri seçildi.

Sonra AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etdi. O, hesabat dövründə ittifaqın fəaliyyətini müsbət qiymətləndirdi. Dedi ki, yaranma tarixi o qədər uzaq olmasa da, ittifaqınız bir çox uğurlara imza atmağı bacardı. Bunun da əsasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və nazirliyin digər rəhbər işçilərinin əməkdaşların sosial maraqlarının yüksək səviyyədə təmin olunmasına göstərdiyi qayğıdan irəli gəlir. İşçilərin hüquqlarının müdafiəsində nazirliklə həmkarlar ittifaqının əməkdaşlığı digər təşkilatlar üçün də nümunə ola bilər.

Səttar müəllim qeyd etdi ki, hesabat məruzəsində də deyildiyi kimi, həmkarlar ittifaqı üzvlərinin sağlamlığının mühafizəsini, istirahətinin təşkilini ümdə vəzifələrindən sayır. Onları ilboyu sanatoriyalara, yay aylarında istirahət mərkəzlərinə yollayışla təmin edir. Yeri gəlmişkən deyim ki, sahə işçilərinin riskli əməyini nəzərə alaraq ittifaqınıza ayrılan sanatoriyalara, istirahət mərkəzlərinə yollayışların sayının növbəti ildə artırılmasını nəzərdə tutmuşuq. İndi AHİK-in balansında olan sanatoriyalar həm yaradılmış şərait, həm də xidmət baxımından müasir tələblərə cavab verən səviyyədədir. Biz istirahət mərkəzlərinə də büdcəmizdən böyük vəsait ayırırıq.

Yaxşı haldır ki, sahə həmkarlar ittifaqları da öz vəsaitləri hesabına ölkəmizin səfalı guşələrində istirahət mərkəzləri tikmək prosesinə qoşulub. Artıq Təhsil, Rabitə, Səhiyyə, Dəmiryolu, Dövlət, Dəniz işçiləri həmkarlar ittifaqlarının özlərinin istirahət mərkəzləri var. Mədəniyyət işçiləri də Nabranda belə mərkəzin tikintisinə başlayıb. Sizin də bu təşəbbüsdə olmağınızı istərdim.

AHİK sədri son illərdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən də danışdı. Bu əlavə və dəyişikliklərin həmkarlar ittifaqı təşkilatlarının daha cəsarətli fəaliyyət göstərməsi üçün əhəmiyyətini diqqətə çatdırdı. O, çıxışının sonunda Mehman İsmayılovu yenidən sədr seçilməsi münasibətilə təbrik etdi və ittifaqın gələcək fəaliyyətinə uğurlar arzuladı.

Daha sonra Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxış edərək, digər natiqlər kimi, nazirlik işçilərinin həmkarlar ittifaqının fəaliyyətini yüksək qiymətləndirdi. Hər bir ittifaq üzvünə xidməti fəaliyyətində və şəxsi həyatında uğurlar dilədi.

Bəyalı RZAYEV