Qışa necə hazırıq?


Baxıldı : 65

Tarix : 2017-11-24 23:32:49


Artıq noyabrın 15-dən ölkə istilik rejiminə keçib. Bununla əlaqədar əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının da fəaliyyəti gücləndirilib, mənzillərə istilik verilməsinə başlanılıb. "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, respublikanın dağlıq və dağətəyi zonalarına noyabrın 1-dən, Bakı şəhərinə isə 15-dən istiliyin verilməsinə başlanılıb. Bu il qış mövsümü üçün paytaxtda 3750 yaşayış binası və eyni zamanda məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və digər obyektlər istiliklə tam təmin olunub. Bundan başqa, bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib. Nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəzlənib, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunub.

Şöbə müdiri bəzi yaşayış evlərində istiliyin müəyyən olunan vaxtdan gec verilməsinə də münasibət bildirib: "Bəzi sakinlər mənzillərinə istiliyin verilməməsindən şikayət edirlər. Buna səbəb də istiliyin mənzillərə verilməsi zamanı xətlərdə olan havanın buraxılmaması ilə bağlıdır. Çünki axırıncı mərtəbədə olan mənzillər gərək xətlərdəki havanı boşaltsınlar ki, dövriyyə normal getsin. Biz də bu sahə üzrə cavabdeh qurum olaraq əhaliyə məlumat verir, yaxud da əməkdaşlarımız həmin mənzillərə baş çəkib problemi yerindəcə həll edirlər. Onu da qeyd edim ki, iri rayon qazanxanalarında istismar qaydaları imkan vermir ki, birdən-birə temperaturu qaldırıb bir gün ərzində hər yerə istilik verəsən. İstismar qaydalarına görə, temperatur tədricən qaldırılmalıdır. Həmçinin əlavə binalar qoşulduqca tənzimləmə işləri aparılmalıdır. Bu texniki proses də müəyyən bir zaman tələb edir".

Aliyə SƏMƏDOVA