Qıtlığa səbəb nədir: Həqiqətən də maskanın və spirtin qurtarması və ya sui-istifadə?


Baxıldı : 114

Tarix : 2020-03-06 17:28:23


Qonşu ölkələrdə koronavirusun qeydə alınması və ölümlərlə nəticələnməsi Azərbaycanda maska və spirtə tələbatı qat-qat artırdı. Bu tələbat satışda olan az-çox maska və spirtin yoxa çıxmasına səbəb oldu. Hətta bəzi apteklərə vitrinlərə “maska yoxdur” deyə elan yapışdırıldı. Bu qıtlığın, daha doğrusu “yoxların” arxasında nə dururdu? Həqiqətən də maskanın və spirtin qurtarması və ya sui-istifadə?

 Bu suallara cavab tapmaq üçün müxbirimiz paytaxtımızın müxtəlif rayonlarında yerləşən apteklərdə oldu. Girdiyimiz apteklərdən cəmi birində maska var dedilər. O da 2 manata satışa qoyulmuşdu. Satıcılar bildirdilər ki, qiymət artımı bizdən asılı deyil, qiymətləri biz qaldırmırıq. Başqa bir aptekdən dedilər ki, yoxdu deyənlər yalan deyirlər, özləri qəsdən indi satmırlar ki, lap çox panika yarandığı halda, daha baha qiymətə satsınlar.

Qiymətləri kim tənzimləyir? Ümumiyyətlə, son günlərdə apteklərdə qiymətlərlə bağlı yoxlamalar aparılıbmı?

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri-mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Abbas Əliyevlə əlaqə saxladıq: “Məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib” - dedi. Bildirdi ki, bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirdi: “Apteklərdə maska qıtlığı ölkəmizdə tələbatın az olması ilə bağlıdır. Ona görə də bizdə bu sahədə istehsal yoxdur. Digər tərəfdən isə, bazar öz aksionu ilə işləyir: tələb və təklif. Tələb artanda mütləq qiymət qalxması meydana çıxır, bu da keyfiyyətin aşağı düşməsinə səbəb olur. Ola bilər ki, bu vəziyyətdə biznes qrumları daha yüksək qiymətə satmaq üçün maskaları gizlədirlər. Qiymətlər dövlət tərəfindən tənzimlənmədiyi üçün bu, qanunla qadağan olunmur. Ona görə də biznes qurumları istədiyi qiyməti qoya bilər. Təəssüf ki, biznes qurumlar bu vəziyyətdən sui-istifadə edir və istehlakçılara baha qiymətə mal satırlar. Düşünürəm ki, bu, istehlakçı hüquqlarının pozulmasıdır və biznes etikasına zidd bir məsələdir. Hökumət burda belə bir iş apara bilər. Belə ki, yerli maska istehsalçısını stimullaşdıra, onu vergilərdən azad edib xaricdən maska gətirənlər üçün gömrük rüsumlarını sıfıra endirə bilər. Və beləliklə, hökumət əlində olan rıçaklardan istifadə edib bazarda bolluq yarada bilər”.

Qeyd edək ki, virusdan ölənlərin yaş həddi üzrə statistika təsdiq edilib. Belə ki, ölənlərin sayı yaşlar üzrə 14,8 faiz 80 və üstü, 8 faiz 70-79, 3,6 faiz isə 60-69 yaşlar olub.

10-19, 20-24, 30-39 yaşlıların isə hərəsində cəmi 0,2 faiz ölən qeydə alınıb. 0-9 yaş üzrə uşaqlarda isə heç bir ölüm halına rastlanmayıb. Virusun daha çox yaşlılara və əvvəl ciddi xəstəliyi olanlara yoluxduğu məlum olub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda da koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Ümumdünya Səhiyyə Təşkilatı bütün əhali qruplarına bəzi ehtiyat tədbirlərini görməyi tövsiyə edib. Bildirib ki, çöldən evə və işə daxil olarkən, mütləq əllər sabunla bir neçə dəfə yuyulmalı, ictimai yerlərdə, əhali ilə sıx təmasda olan ərzilərdə mütləq maska taxılmalı, qrip simptomları olan insanlarla yaxın təmasa yol verilməməli, öskürək, qızdırma, təngnəfəslik kimi əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır, istifadə etdiyimiz toyuq, balıq və ət məhsulları lazımi qədər bişirilməli, küçə heyvanları ilə təmas tamamilə kəsilməlidir.

 

Aliyə SƏMƏDOVA