Qiyabi təhsil öz yerini distant təhsilə verir


Baxıldı : 357

Tarix : 2015-02-21 04:42:00


Ali məktəblərdə qiyabi təhsil almaq istəyənlərin sayı getdikcə azalır. Artıq tələbələrə təhsil formasını ali məktəbə qəbul olduqdan sonra seçmək imkanı verildiyindən onların çoxu əyani təhsil formasını seçir. Qiyabi təhsil almaq istəyənlərin sayının azalması isə gələcəkdə qiyabi təhsil formasının ləğv ediləcəyini gündəmə gətirir. Hazırda, keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Maraqlıdır, qiyabi təhsilin ləğvi, distant təhsilə keçidin hansı üstünlüyü var?Məsələyə münasibət bildirən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, Təhsil Nazirliyi də, \ Dünya Bankı da Azərbaycanın ali məktəblərində belə bir proqramın həyata keçirilməsində maraqlıdır. Bu proses isə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə sıx bağlı olan bir prosesdir. Tələbə nəinki qiyabi, hətta əyani şöbədə təhsil alarkən bu yolla öz təhsilini davam etdirə bilər. Qiyabi təhsilin ləğv edilməsi zamanı yalnız forma dəyişəcək. Bu mənada qiyabi təhsilin distant təhsillə əvəzlənməsi Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində növbəti addım olardı.M.Mürşüdlü hesab edir ki, belə bir islahatın müsbət nəticə verməsi üçün kompleks tədbirlər görülməlidir: \ Təhsilin inkişafı və müsbət nəticənin əldə edilməsi şüurla bağlı olan bir prosesdir. Şagirdin təhsildə əldə etdiyi nailiyyəti orta məktəbi bitirəndə müəyyən etmək olur. Buna görə də qiyabi təhsil formasının dəyişilməsinin hansı nəticə verəcəyini indidən birmənalı demək olmaz. Ali məktəblərdə pedaqoji kadr hazırlığı zamanı valideynlərlə iş aparılmasına da diqqət yetirilməlidir. Həmçinin ali təhsil sistemində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində də tədbirlər görülməlidir. Çünki hazırda ali məktəbdə dərs deyən və gələcəyə tələbə hazırlayan müəllimlərin böyük hissəsi müasir tələblərlə ayaqlaşa bilmir. Onlar müasir informasiyaları qavrama, informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək baxımından bir qədər geri qalırlar. Hazırda da ali məktəbdə dərs deyən elə professorlar var ki, sovet dövründən qalma konspektlərdən istifadə edirlər. Bir sözlə, təhsildə müsbət nəticə əldə etmək üçün kompleks tədbirlər görülməlidir. Həm kadr hazırlığına, həm də idarəetməyə ciddi fikir verilməlidir ki, təkcə forma dəyişiklikliyi yox, həm də təhsilin keyfiyyətində müsbət nəticə əldə edilsin\ .Ekspert Etibar Əliyev isə qiyabi təhsil formasının ləğvini zəruri sayır: \ Baloniya prosesinin üzvü olduğu ölkələrdə belə bir təhsil forması yoxdur. Amma Azərbaycanda E-universitetlər yaranmayıb. Onlayn təhsil sistemi formalaşmayıb. Buna görə də qiyabi təhsildən distant təhsilə keçid çətin bir proses olacaq. Çünki regionlarda və Bakı şəhərində tələbələrin onlayn təhsil formasına alışdırılması, müəllimlərin bu cür iş prosesinə uyğunlaşdırılması xeyli vaxt aparacaq. Avropada bu təhsil formasına keçid uzun bir müddətdən sonra mümkün olub\ . Etibar Əliyev hesab edir ki, bu prosesə keçid üçün ciddi hazırlıqlar aparılmalıdır: \ Çünki hazırda ölkə əhalisinin cəmi 10-12 faizi internetdən istifadə edir. Bu fakt hazırkı mərhələdə qiyabi təhsilin distant təhsillə əvəzlənməsi prosesdə ciddi fəsadlar yarada bilər\ .Məlumat üçün deyək ki, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunmuş formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.Xalid AZƏR