Qiymətlər bir qədər də optimallaşmalıdır


Baxıldı : 191

Tarix : 2016-04-01 05:01:00


\ Global Property Guide\ şirkəti tərtib etdiyi hesabatında ən zəif əmlak bazarına malik ölkə kimi 44-cü sırada Rusiyanı qeyd edib. Burada iqtisadi böhran dövründə daşınmaz əmlakın qiymətinin 15,3 faiz ucuzlaşdığı diqqətə çatdırılıb. Bu ucuzlaşma Azərbaycana da təsirsiz ötüşmür.Belə ki, Azərbaycanın əmlak bazarının şimaldan gələn ciddi təzyiq qarşısında olduğunu düşünmək olar. Məsələ bundadır ki, bir qayda olaraq Rusiyada əmlak ucuzlaşan kimi bu ölkədə yaşayan azərbaycanlılar Bakıdakı evlərini sataraq Moskva və Sankt-Peterburqdan ev almağa çalışırlar. Bu isə ölkədən külli miqdarda valyuta çıxarılması ilə nəticələnir və Azərbaycan manatına təzyiqlər artır. Ekspertlər məsələ ilə bağlı bildiriblər ki, hazırda ucuzlaşma Azərbaycanda da getdiyindən Bakıda mənzili satıb Moskva və ya Sankt-Peterburqda ev almaq mümkün deyil. Qeyd olunan şəhərlərdə mənzilin kvadratı 6 min dollara satılarkən bizdə tam təmirli 55 kvadratlıq birotaqlı evi 30 min manata, yəni kvadratı 545 dollara təklif edən yeni massivlər var.Devalvasiyadan sonra paytaxtda da alıcılıq qabiliyyətinin aşağı düşməsi evlərin ucuzlaşmasını labüd edib. Uzun müddətdir mənzil sektorunda bahalaşma olacağı ilə bağlı proqnozlar verilsə də, hazırda bunun tam əksi müşahidə olunur. Mövzuya münasibət bildirən Azərbaycan Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundov qeyd edib ki, Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb: \ İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüksək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar indi ev alsalar uduzmazlar\ . İpotekayla ev satışına da münasibət bildirən V.Axundov bildirdi ki, əmlak bazarında qiymətlərin bir qədər də reallaşmasına ehtiyac var. Yəni qiymətlər hər bir işləyən adamın ipoteka yolu ilə özünə ev ala bilməsinə imkan yaradan səviyyədə olmalıdır. 500 manat maaş alan 3 nəfərlik orta azərbaycanlı ailəsi ayda 150 manata yaxın vəsait ödəməklə şəhər ətrafında ipoteka yolu ilə birotaqlı ev götürmək imkanında olmalıdır. Hələ ki, mənzilin qiyməti bu səviyyəyə qədər enməyib. Düşünürəm ki, qiymətlər bir qədər də optimallaşmalıdır\ . Cavid SƏFƏROV