Qiymət artımına zərurət yox idi


Baxıldı : 171

Tarix : 2019-01-12 06:40:28


Son günlər respublika ərazisində satılan unun qiymətində vətəndaşların narahatlığına səbəb olacaq dərəcədə bahalaşma müşahidə olunur. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məsələ ilə bağlı  bildirib ki, ölkədə taxıl məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır: “Ötən il ölkədə qarğıdalı ilə birlikdə ümumilikdə 3,29 milyon ton taxıl istehsal olunub ki, bu da 2017-ci illə müqayisədə  12.6 faiz çoxdur. Taxıl istehsalının əvvəlki illərlə müqayisədə artması göstərir ki, qıtlıqla bağlı iddiaların əsası yoxdur”.

V.Hüseynov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi un emalı prosesində iştirak etmədiyindən qiymət məsələsinə cavabdehlik daşımır.

Ötən illə müqayisədə taxıl istehsalında artım varsa, bəs unun bahalaşmasına səbəb nədir? Qiymətlər  necə tənzimlənməlidir? Ümumiyyətlə, ölkədə keyfiyyətli  ərzaq buğdasına olan  tələbi daxili istehsal ödəyə bilirmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə yetişdirilən buğdadan çörək əldə etməyin mümkün olmadığını dedi: “Hətta indi kəndli öz əkdiyi buğdadan un əldə edib çörək bişirə bilmir. Yerli buğdanın sortu son 8-10 ildə tamamilə dəyişdirilib. Təəssüflər olsun ki, yerli buğda əsasən yemə yönləndirilir. Bunun üçün kənd təsərrüfatı üzrə məsul şəxslər lazımi tədbir görməlidir ki, buğdanın sortu standartlara uyğunlaşdırılsın. Yəni birmənalı şəkildə biz xaricdən gətirilən buğdanın ümidinə qalmışıq. Orda qiymətlər dəyişdikcə, təbii ki, burda da dəyişəcək”.

E. Hüseynov çörək sənayesinin həddən artıq kiçik rentabelliklə işlədiyini, çörəyin qiymətinin formalaşmasına dövlət orqanlarının müdaxilə etməməsinin doğru olduğunu dedi. Qeyd etdi ki, azad iqtisadiyyat şəraitində çörəyin qiymətinə heç kim müdaxilə etməməlidir.

İqtisadçı Natiq Cəfərli də Azərbaycanda unun qiymətinin bahalaşmasını qonşu ölkələrdə bu məhsulun qiymətinin qalxması ilə əlaqələndirdi: “Rusiya, Qazaxıstan, Ukraynada taxılın qiymətində 5-10 faizədək artım müşahidə olunur ki, bu da unun bahalaşmasına təsir edib. Məsələn, Qazaxıstanda təbii şəraitlə bağlı məhsuldarlıq aşağı düşüb, Rusiyada hava şəraiti ilə əlaqəli  problem olub, istehsal azalıb. Ukraynadan gətirilən taxıl isə əvvəl Rusiya üzərindən gəldiyi üçün daha ucuz başa gəlirdi, indi isə gəmilərdə Qara dəniz vasitəsilə gətirilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid  Məhərrəmov dedi ki, bu gün ölkədə 1 milyon tona yaxın həm ərzaq buğdası, həm də un ehtiyatı var. Unun qiymətinin qaldırılmasına heç bir zərurət yox idi. Çörəyin qiyməti qalxmasa da, çəkisində 50-100 qr azalma müşahidə olunur. Taxılın qiyməti qalxdığı üçün  zərəri bu cür kompensasiya edirlər.

 

Əsli TELMANQIZI