Qiymət artımını xaricdən gələn malların gecikməsi ilə izah edirlər


Baxıldı : 371

Tarix : 2020-07-19 22:45:13


Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsi bazarda ciddi tənzimlənmə mexanizmi yarada bilər

“Karantin rejimi olmasına, əhalinin xeyli hissəsinin işsiz qalmasına baxmayaraq, təkcə paytaxtda deyil, regionlarda da market və bəzi iaşə obyektlərində qiymət artımı müşahidə olunur. Marketlərin işçiləri qiymət artımını xaricdən gələn malların gecikməsi ilə izah edirlər. Əlbəttə, dövlət orqanlarının qiymət məsələsinə birbaşa nəzarət etmək səlahiyyəti yoxdur”. 

Bunu iqtisadçı Natiq Cəfərli də etiraf etdi. Onun fikrincə, birbaşa nəzarətdənsə, dolayı yollarla qiymətləri tənzimləmə metoduna keçmək lazımdır. Onu da dedi ki, bazara dövlət tərəfindən müdaxilə və qiymət nəzarətinin həyata keçirilməsi əks effekt yaradar. Belə ki, bu hal qıtlığın yaranmasına və yaxud da piştaxta altından satışların artmasına gətirib çıxarar. Qiymət tənzimlənməsində iqtisadi təsirlərə üstünlük verilməlidir. Məsələn, ən azından karantin dövrü bitənə qədər bir çox mal və məhsulların 18 faizlik ƏDV ləğv edilə bilər. Düşünürəm ki, ƏDV-nin bir çox məhsul növləri üzrə, əsasən də  Azərbaycanda istehsalı az olan və yaxud da heç olmayan məhsullar üzrə ləğv edilməsi bazarda ciddi bir tənzimlənmə mexanizmi yaradar. Ləğvetmə ən azından qiymətlərin sabitləşməsinə, hətta 10 faizə yaxın qiymət düşməsinə səbəb olar.
N.Cəfərli bildirdi ki, mövcud vəziyyətdə yaranan çətinliklə bağlı xaricdən daşımalarda əlavə xərclər qiymətin üzərinə gəlir: “Malın gəlməsi gecikir, bu, dəqiqdir. Çünki sərhədlər bağlıdır. Üstəlik pandemiya ilə bağlı avtomobil daşımalarında sürücüləri karantin rejiminə alırlar. Bunlar da logistikanın hərəkətini çətinləşdirir və çatdırılma vaxtını uzadır və dolayısı ilə də qiymət artımına təsir edir. Bu təsir reallıqda cüzi miqdarda olmalıdır. Təəssüf ki, bəzi marketlərdə məhsulların qiymətlərində hətta 10 faizə qədər artım müşahidə edilir. Bu, kifayət qədər böyük bir rəqəmdir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycan bazarında bəzi anormallıqları diqqətə çatdırdı. Dedi ki, Azərbaycan dünya bazarına inteqrasiya olunsa da, onun qanunlarına bir çox hallarda riayət olunmur. Məsələn, dünya bazarında qiymət artımı dərhal ölkəmizdə özünü büruzə verir. Bu, təbiidir. Amma di gəl ki, dünya bazarında qiymət düşəndə Azərbaycan bazarında əks addımları görmürük. Bu, çox böyük problemdir.

Aliyə SƏMƏDOVA