"Qiymətə deyil, keyfiyyətə üstünlük verməliyik"


Baxıldı : 123

Tarix : 2017-05-05 22:57:40


Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, müxtəlif qiymətlərə satılır. Hətta bir-birinə yaxın məsafədə yerləşən apteklərdə eyni dərmanın qiymətində də fərqlərin olduğu üzə çıxır. Alıcılar isə ucuz apteklər axtarmalı olurlar. Bu isə xəstə insanlara həm vaxt, həm də əsəb itkisinə başa gəlir. Bəs qiymətlərin fərqli olması dərmanların keyfiyyətindən asılı ola bilərmi?

Mövzumuzla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və tibb üzrə ekspert Rasif Bağırovla əlaqə saxladıq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətlərin fərqli olmasına aydınlıq gətirərək bildirdi ki, istehlakçılar tərəfindən, demək olar ki, hər gün quruma bu barədə zənglər daxil olur: "Təbii ki, insanlarda şübhə yaranır. Qeyd edim ki, Tarif Şurası tərəfindən təsdiq edilmiş dərmanların qiymətləri eyni olmalıdır. Lakin bir çox dərmanlar var ki, Şura tərəfindən müəyyənləşdirilməyib. Belə dərmanlar azad bazar iqtisadiyyatı şəraitində istənilən qiymətə istənilən apteklərdə satıla bilər. Biz də istehlakçıların hüquqlarını qoruyan bir qurum olaraq başa salırıq ki, onların tam hüququ var ki, əczaçıdan Tarif Şurası tərəfindən təsdiq olunmuş dərmanların qiymətlərini tələb etsinlər və ona uyğun da ödəniş edilsin".

AİB sədri nəzərə çatdırdı ki, bəzi dərmanlar ayrı-ayrı ölkələrdən müxtəlif keyfiyyətlərdə gətirilir və buna əsasən də onlara qiymət təyin olunur. Ona görə də bu cür fərqliliklər baş verir: "Bunun üçün də insanlar çalışmalıdırlar ki, keyfiyyəti yüksək olan dərmanlar qəbul etsinlər. Bu yaxınlarda bizə bir vətəndaş tərəfindən şikayət daxil olmuşdur. O, bədənində olan təhlükəli virusa qarşı həkim tərəfindən yazılan "Asiklovir-Akos" adlı yerli bazardan alınmış dərmanı qəbul edib, lakin heç bir nəticə əldə etməyib. Ancaq eyni adlı dərmanı xarici ölkədən əldə edib qəbul etdikdən 4 gün sonra nəticə müsbətə doğru dəyişmişdir. Ona görə də sağlamlığımız üçün qiymətə deyil, keyfiyyətə üstünlük verməliyik".

E.Hüseynov sonda onu da bildirdi ki, Səhiyyə Nazirliyi tərəfindən bu sahədə ciddi işlər aparılır.

Tibb üzrə ekspert Rasif Bağırov də məsələyə münasibət bildirdi. O dedi ki, hər bir dərmanın molekullarının tərkibi var: "Elə dərman molekulları var ki, dünyanın hər yerində tərkibi eynidi, sadəcə, istehsal yeri fərqli olduğu üçün satılarkən qiymətlərində də fərq yaranır".

Aliyə SƏMƏDOVA