Qiymətlər aşağı düşmür


Baxıldı : 148

Tarix : 2017-03-04 03:53:29


İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, manatın dollara nisbətən möhkəmlənməyə başlamasına baxmayaraq, qiymət azalmaları müşahidə olunmur:  "Xatırlayırsınızsa, manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalmalarının olacağını demişdilər. Bir ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur. Xüsusən də idxal olunan malların qiymətinin enməməsi və ya endirilməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir. Digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür. Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətini artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər. Mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq, sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil. Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərinin gücləndirilməsinə ehtiyac var ki, qiymət

azalmaları gözləyən istehlakçılar əksinə, yeni qiymət artımları ilə üzləşməsinlər.