Qiymətlərdə vəziyyət necə olacaq?


Baxıldı : 269

Tarix : 2017-05-27 00:18:36


Havalar istiləşdikcə bir-birindən ləziz və dadlı meyvə-tərəvəzlər yetişir. Bazara yeni məhsullar gəlsə də, bəzən qiymətinə görə onlar əlçatmaz olur. Mövsümün meyvələri arasında isə üstünlüyü, hələ ki, alça, gilas və çiyələk təşkil edir. Bəs yay mövsümündə meyvə və tərəvəzlərin qiymətlərində və çeşidlərində vəziyyət necə olacaq?

Mövzu ilə əlaqədar kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov qəzetimizə müsahibə verdi. O, bu il bəzi meyvələrin məhsuldarlığının az olacağını dedi. Səbəb isə ağaclara zamanında aqrotexniki qaydada qulluq göstərilməməsidir: "Təəssüflər olsun ki, apardığımız araşdırmalara görə, bu il gilas, ərik, şaftalı meyvələrinin məhsuldarlığı azalıb. Bunun üçün də vaxtlı-vaxtında profilaktik tədbirlər keçirilməli və xəstəliklərə, zərərverici həşəratlara qarşı mübarizə tədbirləri aparılmalıdır. Eyni zamanda həmin meyvə ağaclarının formalaşdırılması həyata keçirilməli və keyfiyyətli budama işləri görülməlidir. Bu il bostan meyvələri və tərəvəz məhsullarında da azalma müşahidə olunur. Çünki  Azərbaycanda, demək olar ki, son 2 ildə meyvə və tərəvəzçiliyə yararlı olan sahələr indi pambıqçılıq üçün istifadə edilir. Pambıqçılığa daha çox diqqət yetirildiyi üçün əkinçilər məcburiyyət qarşısında qalıb tərəvəz əkini ilə deyil, pambıq əkini ilə məşğul olurlar. Baxmayaraq ki, statistik məlumatda bu azalma, hələ ki, göstərilmir, ancaq biz bu haqda yerlərdən məlumat alırıq".

Devalvasiyanın xaricdən gələn məhsullara təsirindən danışan ekspert bildirdi ki, əslində Azərbaycan manatının ucuzlaşması ixracı stimullaşdırmalıydı. Ancaq bizdə yetərincə məhsul istehsal olunmadığı üçün manat dəyərdən düşərkən idxal artdı: "Bilirsiniz ki, ölkəyə idxal olunan məhsul ABŞ dolları ilə alınır və xarici valyutanın məzənnəsinin artması da, təbii ki, buna da təsir göstərir. Keçən il ölkəyə 317 min ton meyvə-tərəvəz idxal olunub. Halbuki 20 il əvvəlki bu göstərici 50 min ton olub, yəni 6 dəfəyə qədər fərq var. Ümumiyyətlə, istehsalın və alıcılıq qabiliyyətinin hansı səviyyədə olacağı manatın məzənnəsindən asılı olacaqdır. Bu il alıcılıq qabiliyyəti ciddi şəkildə aşağı düşüb. Artıq indiki zamanda istehlakçılar mürəbbə bişirməliydi, qış üçün ehtiyat görməliydi. Ancaq bazarlarda məhsul alanların sayı get-gedə azalır. Xüsusən də meyvə-tərəvəz az istifadə edilir, çünki əldə olan vəsait əsasən çörək, ət, süd və sairə kimi məhsullara yönəlir".

Aliyə SƏMƏDOVA