Qiymətli hədiyyələr təqdim edildi


Baxıldı : 100

Tarix : 2018-06-30 04:23:28


İsmayıllı Rayon Təhsil Şöbəsinin (RTŞ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin toplantısı keçirilmişdir. Toplantıda fənn olimpiadalarının, ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilmiş müsabiqənin, digər inşa, əl işləri müsabiqələrinin Respublika mərhələlərində, “Şahin” hərbi idman oyunları, gənc xilasedicilərin Respublika final mərhələsində, idman yarışlarında qalib gəlmiş 145 şagirdə diplom, qiymətli hədiyyələr təqdim olundu.

Mükafatlandırılanlar sırasında Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov da var idi. O, ali məktəbə qəbul imtahanlarında 700 bal toplamışdı.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, təhsil şöbəsinin müdiri Rasim Orucov, sahə Hİ Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış etdilər. Mükafata layiq görülmüş istedadlı şagirdləri təbrik edib, onlara daha böyük uğurlar arzuladılar.