Qlobal Çərçivə Sazişi ilə bağlı çağırış


Baxıldı : 1704

Tarix : 2019-04-12 17:55:33


“ArcelorMittal” metal istehsal şirkətinin həmkarlar ittifaqı mövcud problemlərlə mübarizə və qlobal münasibətləri gündəmə gətirmək  üçün  Braziliyanın Rio de Janeyro şəhərində toplantı keçirib. Aprelin 8-9-da təşkil olunan toplantıda 15 ölkədən 50-yə yaxın lider qatılıb. İştirakçılar İndustriALL-ın Qlobal Çərçivə Sazişinin imzalanması mövzusunu müzakirə edib və şirkət rəhbərliyinə məsələ ilə bağlı çağırış olunub. Bu, “ArcelorMittal”-ın həmkarlar ittifaqı nümayəndələrinin ikinci beynəlxalq toplantısı idi. 

Tədbirdə ötən ilin iyul ayından bu yana görülən işlər müzakirə edilib. Burada Ukrayna və Qazaxıstanda şirkət rəhbərliyinin sənayeyə münasibəti və hər hansı konflikt olmadan problemlərin danışıqlar yolu ilə həlli diqqətə çatdırılıb.  Toplantıda, həmçinin Cənubi Afrikada şirkətə məxsus fabriklərdə çalışanların maaş artımı ilə bağlı tətili  gündəmə gətirilərək rəhbərlikdən tələblərin cavablandırılması tələb olunub.

“ArcelorMittal”ın Cənubi Amerika üzrə kadrlar şöbəsinin müdiri Adriani Damazio toplantıda iştirakçıların suallarını cavablandırıb. Şirkətin həmkarlar təşkilatları ilə qarşılıqlı münasibətdə çalışmaq üçün atdığı addımları diqqətə çatdırıb.

Toplantıda çıxış edən İndustriALL Qlobal İttifaqının baş katibinin köməkçisi şirkət rəhbərliyinin də iştirakını və dəstəyini məmnunluqla qarşılayıb. O bildirib ki, bir sıra məsələlər həll olunsa da, problemlər hələ də qalmaqdadır. “ArcelorMittal”ın  Qlobal Çərçivə Sazişini imzalayaraq problemlərin həlli yönündə önəmli addımlar atacağına inanırıq.

Cavid SƏFƏROV