Qlobal peşə şəbəkəsi yaradılıb


Baxıldı : 46

Tarix : 2017-11-04 04:26:42


Noyabrın 1-2-də Almaniyanın Bremen şəhərində dünyanın ikinci böyük sement və tikinti materialları istehsalçısı olan "Heidelberg Cement" işçilərini təmsil etmək üçün ittifaq nümayəndələri qlobal peşə şəbəkəsini yaradıblar. Fridrix Ebert Fondunun dəstəyi ilə İndustriALL Qlobal ittifaqına daxil olan Tikinti və Meşə Sənayesi İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunan toplantıda Avropa, Yaxın Şərq, Şimali Amerika və Afrikadan 40-a yaxın nümayəndə iştirak edib. Görüşdə şirkətdə çalışanların üzləşdiyi problemlər müzakirə olunub. Bildirilib ki, texnoloji inkişaf və şirkətin yenidən qurulmasına baxmayaraq, sement istehsalı bölməsində işçilərin əmək şəraiti və tətbiq olunan təhlükəsizlik tədbirləri aşağı səviyyədədir. Tələb edilən işə nisbətdə çalışanların sayı aşağıdır. Qurum  iş saatının uzadılması və iş yükünün artırılması ilə bağlı işçilərə təzyiq göstərir. Məsələni yeni iş yerləri açıb gənc çalışanlara imkanlar yaradaraq həll etmək olar. Digər problem isə ətraf mühitin çirklənməsinin önlənməsi yönündə şirkətin öz öhdəliklərini yerinə tam şəkildə yerinə yetirməməsidir. Qurumdan bildirilib ki, təbiətə vurulan ziyanı minimuma endirmək üçün 2030-cu ilə qədər davamlı inkişaf planı qəbul edilib və görülən işlər bu plan əsasında mərhələli şəkildə aparılır.

Konfransda qurumun bir sıra sektorlarında da aparılan işlər müzakirə olunub. Digər  böyük sement şirkəti olan "Lafarge Holcim" ilə qarşılıqlı əlaqələr və uğurlar diqqətə çatdırılıb.

Çıxış edən İndustriALL-ın  tikinti sənayesi üzrə direktoru Mattias Hartviç bildirib ki, qlobal peşə şəbəkəsinin yaradılması əlamətdar hadisədir: "Biz ümid edirik ki, şirkət sosial dialoqun qurulmasına müsbət cavab verəcək və qurumun mənafeyinin təbliğində həmkarlar ittifaqı fəalları yaxından iştirak edəcəklər".

Yığıncağın sonunda  nümayənədə heyəti "Bremen bəyannaməsi"ni qəbul edib və şəbəkə üçün rəhbər komitənin tərkibini təsdiqləyib. Komitə beynəlxalq toplantıları və görüləcək işlərin koordinasiyasını həyata keçirəcək.

Cavid SƏFƏROV