Qlobal sazişə dəstək çağırışı


Baxıldı : 54

Tarix : 2017-07-14 23:36:25


Ötən həftə Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə silahını qadağan edən qlobal müqaviləni qəbul edib. Avstriya, Braziliya, Meksika, Cənubi Afrika və Yeni Zelandiyanın liderliyi ilə 141 ölkə tərəfindən hazırlanan müqaviləyə 122 lehinə 1 əleyhinə səs verilib. Dünyanın nüvə silahı istehsal edən ölkələri razılaşmanı boykot etməyə çalışsa da, müqavilə sülhün təminatı yolunda əhəmiyyətli rola malikdir. Bu, gələcəkdə nüvə istehsal edən dövlətlərə də təzyiq göstərməyə imkan verəcək.

UNİ Qlobal İttifaqı insan hüquqlarının qorunması üçün nüvə silahsızlanması və sülh çağırışında aktiv iştirak edir. İttifaq Beynəlxalq Nüvə Silahlarının Ləğvi Kampaniyasının üzvüdür və Naqasaki Sülh Elçiləri təşkilatı ilə uzun müddətdir əməkdaşlığı var.

Müqavilənin müzakirəsi üçün BMT-nin konfransında çıxış edən UNİ Qlobal İttifaqının baş katibi Filip Jenninq deyib ki, nüvə silahının fəsadları beynəlxalq sərhədləri aşmaqdadır: "Burada insan sağlığı, qlobal iqtisadiyyat, ekoloji mühit  zərər çəkmiş olur, sağlam nəslin yetişdirilməsində bərpaolunmaz problemlər ortaya çıxır. Bunun üçün  dünya ölkələrini sazişi imzalamağa çağırıram".

Qeyd edək ki, müqavilə iyulun 20-dən etibarən imzalanmağa başlayacaq və 50 ölkənin dəstəyini aldıqdan sonra qüvvəyə minəcək.

Cavid SƏFƏROV