Qloballaşma və təhsil


Baxıldı : 37

Tarix : 2018-09-08 03:11:21


Avqustun 31-dən sentyabrın 2-dək İstanbul şəhərində Məmur-Sen və Egitim Bir-Senin təşkilatçılığı ilə “Qloballaşma, təhsil və həmkarlar ittifaqı təşkilatları” mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

Tədbirdə dünyanın 77 ölkəsindən, o cümlədən Azərbaycandan 89 həmkarlar ittifaqı təşkilatının, 4 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələri, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə sabiq direktoru Martin Romer, Türkiyə Milli Təhsil Nazirinin müavini Dr. Mustafa Safran, Egitim Bir-Sen və Memur-Senin sədri Ali Yalçın, Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyə Maarif Vəqfi Başçısı Prof. Dr. Birol Akgün, ekspertlər və mətbuat təmsilçiləri iştirak etmişlər.

Simpoziumun plenar iclasının açılışında Egitim Bir-Sen və Memur-Senin sədri Ali Yalçın gündəlikdə duran məsələnin hər zaman aktual olduğunu bildirmişdir. İnsan və insanlıq üzərində təsiri anbaan güclənən qloballaşmanın təhsildəki rolunu müəyyənləşdirmək, müzakirə etmək və qiymətləndirməyin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, 90-cı illərin əvvəllərindən başlayan “liberal optimizm” çətiri altında başlayan qloballaşma çox çəkmədən cəmiyyətimizin bir çox sahələrində, eləcə də təhsildə təhsil işçilərinin qanuni hüquq və mənafelərini müdafi edən həmkarlar ittifaqları üçün problemə cevrilmişdir: “Kanadalı filosof Herbert Marşall Makluhanın dili ilə desək, biz dünyamızı kürəsəl bir kəndə çevirmişik. Amma biz müasir dünyanın informasiya texnologiyalarının sürətlə inkişafının da qarşısını ala bilmərik. Amma hər kəs öz məsuliyyətini dərk etməlidir. Biz kapitalizmin yeni adı olan “neo-liberal” ideologiya ilə dünyamızın imperializmin “Sosial mühəndislik” sahəsinə çevirməsinə də imkan verməməliyik”.

Simpozium işini 5 dildə panel müzakirələri ilə davam etdirmişdir. Müzakirələrdə əsas mövzu “Təhsildə yeni trendlər və sektorlar”, “Təhsildə bərabərlik və həmkarlar ittifaqı təşkilatları”, “Təhsildə qloballaşmanın istiqamətləri və meyarı”, “Qloballaşma şəraitində həmkarlar ittifaqlarının mövqeyi” olmuşdur.

Panel müzakirələrində nümayəndə heyətimiz fəal iştirak etmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) qloballaşma dövründə həyata keçirdiyi tədbirlər, təhsil sahəsində apardığı islahatlar, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat vermişdir.

25 ölkənin həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq etmək və mövcud əlaqələri genişləndirmək məqsədilə müqavilələr imzalanmışdır.

Tədbir çərçivəsində Egitim Bir-Sen, Türkiyə Milli Təhsil Nazirliyi və Türkiyə Maarif Vəkfi arasında Suriyada təhsil müəssisələrinin tikilməsi ilə bağlı protokol imzalanmışdır.

Tədbirdə iştirak edən Martin Romer Egitim Bir-Senin dünyanın ən böyük təhsil işçiləri həmkarlar ittifaqı olan Beynəlxalq Təhsil Birliyinə üzvlüyünün vacibliyini vurğulamış və bu sahədə əlindən gələn köməkliyi göstərəcəyini bildirmişdir.

Səfər çərçivəsində ATİAHİ Respublika Komitəsi nümayəndə heyətinin rəhbəri Mirzə Cəfərzadə Egitim Bir-Sen və Memur-Senin sədri Ali Yalçınla görüşmüş, AHİK-in və ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırmışdır. Tədbirdə iştirak edən Küveyt, Nepal, İran, Hindistan, Pakistan, Özbəkistan təhsil işçiləri həmkarlar ittifaqının sədrləri Azərbaycan nümayəndə heyəti ilə görüşmüşdür. Onlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə əməkdaşlıq arzularını bildirmişlər. Məhz bu məqsədlə nümayəndə heyətlərinin Azərbaycana səfər edib Azərbaycan həmkarlar ittifaqlarının təcrübəsini öyrənmək və öz təcrübələrini bölüşmək istədiklərini dilə gətirmişlər.

Qeyd edək ki, Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqı olan Egitim Bir-Sen 1992-ci ildə yaradılmışdır və beş yüz minə yaxın ittifaq üzvünü özündə birləşdirir.

Bəyalı RZAYEV