Qonaqların qurultay təəssüratları


Baxıldı : 96

Tarix : 2018-02-16 21:57:45


 

Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının (TOLEYİS) sədri Cəmail Bakındının dəvəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 5-ci qurultayında iştirak etmişəm. 30 ölkədən 100-dən çox qonağın dəvət edildiyi qurultayda  Səttar Möhbalıyev yenidən AHİK sədri seçilmişdir. Səttar bəy Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti və Azərbaycan Parlamentinin üzvüdür. Qurultayda qonaqların əksəriyyəti çıxış eləmişdir, amma ən mühüm nitqi Cəmail Bakındı söyləmişdir. Azərbaycan üçün vacib olan Qarabağ məsələsində Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədrinə, dolayısı ilə Rusiya dövlətinə bir müraciət ünvanlamışdır: “Qarabağ problemini həll edin, sizi Nobel sülh mükafatına namizəd kimi təqdim edək”.  Və bu sözlər zalda alqışlarla qarşılanmışdır.

Tofiq Quliyevin

verdiyi məlumat

Tofiq Quliyev Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (“Kənd-Qida -İş” Həmkarlar İttifaqı Federasiyası) sədridir. Təcrübəli, məlumatlı və çox qonaqpərvər bir adamdır. Mənə verdiyi məlumatlara görə, Azərbaycanda 4 milyon 821 min işçi var və çalışan insanların 1 milyon 526 mini həmkarlar ittifaqının üzvüdür. Bir konfederasiya var və 26 sahə həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. “Kənd-Qida-İş” in 27 şöbəsi var. Hökumət, işəgötürənlər və həmkarlar ittifaqları konfederasiyaları birlikdə Baş Kollektiv Saziş imzalayırlar. Bu sənədi sahə həmkarlar ittifaqları öz fəaliyyətlərində əsas tuturlar. Həmkarlar ittifaqlarına üzvlük haqlarının nə qədər olacağına konfederasiya qərar verir və bu vəsait həmkarlar ittifaqının bütün şöbələri tərəfindən toplanır. Yığılan vəsaitin böyük hissəsi təşkilatlarda qalır, o biri hissəsi isə konfederasiyaya verilir. AHİK-in hökumətlə qarşılıqlı anlaşmaya əsaslanan işbirliyi var. Buna görə də əmək münasibətlərinin tənzimlənməsinə dair qanunlar, əsasnamələr konfederasiyaya məsləhət edilmədən qəbul olunmur. Həmkarlar ittifaqlarının nüfuzu onun fəaliyyətində bariz və parlaq şəkildə əks olunub. İşəgötürən, həmkarlar ittifaqlarının yazılı razılığı olmadan heç bir işçini işdən çıxara bilməz. Güman etmirəm ki, belə güclü iş təminatı və həmkarlar ittifaqının nüfuzu başqa bir ölkədə də mövcud olsun. Konfederasiya ölkənin siyasi arenasında bitərəf xətt yürüdür. Bitərəf olduqları üçün ciddi üstünlükləri var və istədikləri qanunu qəbul və ya ləğv edə bilirlər.

İnsanların xoşbəxt

olduğu bir ölkə

Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin bir ölkədir. Bu zənginlik ölkənin bütün şəhərlərinə də sirayət edib. Paytaxt Bakıda sovetlər vaxtından qalmış bütün binalar əsaslı təmir olunub, yeni tikililər isə tam bir memarlıq nümunəsidir. Bütün binalar daşdandır və südlü qəhvə rəngindədir. Axşamlar işıqlandırılan binaların fasadları isə şəhərə başqa bir gözəllik verir. Par-par və şüşə ilə örtülü göydələnlərin üzərində əks etdirilən kölgə oyunları isə Bakı gecələrinə ayrıca bir rəng qatır. İnsanların geyimləri çox təmiz və dəbə uyğundur, xüsusən qadınları zəriflikdə Parisdəki həmcinslərindən qətiyyən fərqlənmirlər. Küçə boyunca xarici brend markaların dükanları sıralanıbdır. Bakını təbii quruluşu və zənginliyi səbəbindən Yaxın Şərqin Parisi də adlandırırlar. Geniş küçələri, şəhərin planlaşdırılmış forması insana sevinc bəxş edir. Paytaxtın Xəzər dənizinin sahil zolağında yerləşən hissəsində bina tikintisinə icazə verilməyib. Sahil boyunca 20 km məsafədə çəkilən asfalt yol və yol ətrafında salınan parklar da şəhərə xüsusi bir görünüş bəxş edir. Küçələrdə bütün millətlərdən olan insanlara rast gəlmək olar. Hər tərəf təmiz və səliqəlidir. Ölkədə müstəqil məhkəmələr, Ali Məhkəmə və Konstitusiya Məhkəməsi fəaliyyət göstərir. İnsanlar özlərinə inamlıdır, gələcəyə nikbin baxırlar. Azərbaycanda Sovet İttifaqı quruluşunu əks etdirən heç bir nişanə yoxdur. Yalnız həmkarlar ittifaqlarının sosialist bir kökdən gəldiyini, işçi sinfinin gücünün, təsirinin varlığının təcəssüm etdirdiyi məlumdur.

Cəmail Bakındının maraqlı bir həmkar tərifi var. Deyir ki, “Kökün varsa, ağacsan, yoxsa odunsan”. Azərbaycanı gördükdən, orada həmkarlarımla danışdıqdan sonra Azərbaycan həmkarlar ittifaqlarının köklü, gur, yamyaşıl, kölgəsində minlərlə işçiyə rahatlıq verən bir qurum olduğunu anladım. Başqa ölkələrdə köksüz, inamsız, ideologiyadan məhrum olan həmkarlar ittifaqlarını düşündüm və çox üzüldüm.

Engin Ünsal

“Aydınlık” qəzeti

11 fevral 2018 (Türkiyə)