Quduzluqdan ölənlərin sayı artır


Baxıldı : 179

Tarix : 2016-07-15 10:01:00


Son bir ay müddətində quduzluqdan bir neçə nəfər həyatını itirib. Bu günlərdə isə Salyan rayonunun Dayıkənd kəndinin sakini 11 yaşlı Aqil İsmayılov quduzluqdan xəstəxanada dünyasını dəyişib. Həmin uşağı isə ölümündən 15 gün öncə it dişləyibmiş. Bu problem təkcə regionlara aid deyil. Son zamanlar paytaxtda da sahibsiz itlərin sayı artıb. Belə ki, təkcə şəhərətrafı ərazilərdə deyil, hətta şəhərin mərkəzi küçələrində də sürü ilə gəzən sahibsiz küçə itlərinə rast gəlinir.Bir çoxları bu məsələyə soyuqqanlı yanaşsa da, əslində bu, getdikcə böyük bir problemə çevrilməkdədir. Günün istənilən vaxtında küçədə dolaşan bu itlərin insanlara zərər yetirməyəcəyinə kimsə zəmanət verə bilməz. Sahibsiz itlərin yaratdığı problemlər əksər ölkələrdə var. Amma burada küçə itlərinin çoxalmasının qarşısını almaq yolları çoxdan tapılıb. Bu yol isə təkcə həmin heyvanları öldürmək deyil. Qonşu Türkiyədə isə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən müayinə edilir, vaksinasiya olunur. Peyvəndlənən heyvanları digərlərindən ayırmaq üçün qulaqlarına sırğa (\ birka\ ) da taxırlar. Bununla da sahibsiz heyvanlardan zərər gəlməyəcəyinə əmin olurlar. Avropa ölkələrində isə heyvanları öldürmək nəinki qadağandır, hətta itini zəncirləyən şəxsləri də 10-15 min avro cərimələyirlər. Problemin həlli yollarından biri də axtalanma üsulunun (kastrasiya) tətbiqi və ya sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsidir. Axtalanma prosesi həyata keçirilərsə, bu problemin həllinə maksimum 10-15 ilə nail olmaq mümkündür. Çünki itlər təxminən 12-15 il yaşayır. Axtalanma üsulu tətbiq olunsa, itlər nəsil vermədən 12-15 il sonra öləcəklər. Digər humanist üsul da var. Sığınacaqlarda saxlanılan itlər evdə saxlanılması üçün heyvansevərlərə verilə bilər. Problemin bu cür həlli dövlət büdcəsinə də xeyir verərdi, ən azı zərər vurmazdı. Çünki sahibsiz itlərin öldürülməsi üçün hər il vəsait ayırmağa ehtiyac qalmazdı. Məsələyə münasibət bildirən \ Canlı Aləmin Mühafizəsi Alyansı\ İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə deyir ki, problemin həlli üçün öncə cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır: \ İnsanlar bioloji müxtəlifliyin qorunmasına maraq göstərməlidir. \ Sahibsiz heyvanlar\ termini bioloji müxtəlifliyin qorunması ilə əvəz olunmalıdır. Bu işi görmək isə təkcə ictimai qurumların üzərinə düşməməlidir. Bu istiqamətdə addımları həm də dövlət atmalıdır. Həmin heyvanlarla işlər Dövlət Baytarlıq Xidmətinə həvalə olunmalı və bu xidmətin fəaliyyəti gücləndirilməlidir. \ Evsiz Heyvanları Müdafiə\ İctimai Birliyinin rəhbəri Leyla Əlizadə isə deyir ki, sahibsiz heyvanları öldürmək problemdən çıxış yolu deyil: \ Əgər sahibsiz heyvanlar sterilizasiya edilməsə, onların artımının qarşısı alına bilməz. Son zamanlar təkcə itlər yox, elə tülkü, çaqqal da quduzluğun yayılmasına səbəb olub. Sahibsiz heyvanlar üçün olan sığınacaqların sayı da çox azdır. Onlar da könüllülərin şəxsi hesabına qurulan təşkilatlarındır. İnsanlar cins heyvanları almaq əvəzinə küçədəki heyvanlara sahiblənməlidirlər. Əgər belə olarsa, küçədə sahibsiz heyvan qalmaz\ .Qeyd edək ki, Azərbaycan da 2007-ci ilin mayında Heyvan Hüquqlarının Qorunmasına dair Avropa Konvensiyasına qoşulub. Bundan sonra heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb. Amma bu da sahibsiz heyvanlarla bağlı problemin həllini tapmasına kömək edə bilməyib.Xalid AZƏR