Quran, yaradan sənətin adamları


Baxıldı : 40

Tarix : 2018-04-14 00:27:47


 

Aprelin 9-da “İnşaat-İş” Həmkarlar İttifaqında inşaatçıların peşə bayramı münasibətilə yığıncaq keçirilmişdir. Yığıncaqda çıxış edən İttifaqın sədri Umud Hüseynov ölkəmizdə gedən quruculuq işlərindən, bu işlərdə ittifaqın üzvü olan inşaatçıların peşəkar iştirakından danışdı. Dedi ki, ümummilli lider Heydər Əliyev memarlıq sənətinin incəliklərini bilən və inşaat işlərində yaradıcılıq tələbi qoyan rəhbər idi.

Onun tikintiyə bu yanaşması Respublika Prezidenti İlham Əliyevin fəaliyyətində də özünü qabarıq göstərir. Məhz hörmətli Prezidentimiz İlham Əliyevin diqqəti sayəsində paytaxtımız nəinki regionun, hətta qitənin, dünyanın arxitektura baxımından, ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bölgələrdə aparılan inşaat işlərinin də vüsəti ildən-ilə artır. Yeni salınan müasir istehsalat müəssisələri də inşaatçılarımızın zəhməti sayəsində başa gəlir.

Umud müəllim dedi ki, həmkarlar ittifaqı təşkilatı olaraq biz də dövlətimizin quruculuq işində fəal iştirak edirik. Sahə işçilərinin sosial, iqtisadi hüquqlarının qorunması, rifah halının yaxşılaşdırılması, istirahətinin təşkili istiqamətində tədbirlər hazırlayıb həyata keçiririk. İttifaq üzvlərinin daha səmərəli işləməsini, yüksək nəticələr qazanmasını, peşəkarlığını daim təkmilləşdirməyə səy göstərməsini təmin etmək məqsədilə müsabiqələr keçirir, nominasiyalar müəyyənləşdiririk.

U.Hüseynov çıxışını respublika inşaatçılarını təbriklə yekunlaşdırdı. Onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Yığıncaqda İttifaqın baş texniki əmək müfəttişi Mahir İbrahimov, “Holcim-Azərbaycan” ASC-nin HİK sədri Mübariz Məmmədov, “Bakı Tikinti Materialları Kombinatı” ASC-nin HİK sədri Tapdıq Zeynalov çıxış edərək son illər tikinti sahəsində müşahidə olunan irəliləyişindən söz vçdılar.

Sonra bir qrup qabaqcıl sahə Hİ işçisinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının, Tikinti və Tikinti Materialları İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqlarının 25 illik yubiley nişanları, Fəxri fərmanlar təqdim olundu.

Tədbir bayram süfrəsi ilə davam etdi.

Sevinc HÜSEYNOVA,

“İnşaat-İş” Hİ-nin sosial

məsələlər üzrə mütəxəssisi