Qurultayda səslənən təkliflərin reallaşdırılması istiqamətində iş aparılır


Baxıldı : 151

Tarix : 2018-07-28 04:58:42


İyulun 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev İcraiyyə Komitəsinin üzvlərini iclasın gündəliyi ilə tanış etmişdir. Sonra hər bir məsələ üzrə çıxışlar dinlənilmişdir. İlk olaraq AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2018-ci ilin II yarımilliyi üçün “iş planı” və “AHİK-in V qurultayında səslənən iradlar, tənqidi qeydlər və təkliflərin həyata keçirilməsi üçün tədbirlər planı” diqqətə çatdırıldı.

Növbəti məsələ isə “2016-cı ildə işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər haqqında” idi. Bu məsələnin təqdimat çıxışında bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində qarşıya qoyulan hədəflərin həyata keçirilməsi işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artmasına, əmək məhsuldarlığının səviyyəsinin yüksəldilməsinə təsir göstərəcək. Eyni zamanda əmək məsrəflərinin, o cümlədən işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan xərclərin dəyər və strukturunun optimallaşdırılması bu məqsədlərə nail olunmasına imkan yaradır.

Çıxışda qeyd olundu ki, son 5 il ərzində Azərbaycanda işçi qüvvəsinə çəkilən xərclərin orta aylıq dəyəri 1,3 dəfə artıb.

2016-cı ildə muzdlu işçilərin saxlanılmasına çəkilən xərclər 385 ABŞ dollarına bərabər olmuşdur. Bu da MDB ölkələri arasında orta səviyyə hesab edilir. Çıxışda vurğulandı ki, iqtisadiyyatımızın potensialı sözügedən göstərici üzrə statistikanı MDB yox, Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə etməyə imkan verir. Bu potensialın reallaşdırılmasına həmkarlar ittifaqları da öz töhfəsini verə bilər. Bundan ötrü rəhbərliklə danışıqlar apararkən və kollektiv müqavilə bağlanarkən bir çox məsələlərə xüsusi diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, kollektiv müqavilələrdə işçi qüvvəsinin saxlanılmasına sərf edilən xərclərin dəyərinin, onların ümumi xərclərdə xüsusi çəkisinin artırılması, həmçinin əməkhaqqında tarif payının işçi qüvvəsinin təkrar istehsalının təmin edilməsi üçün kifayətedici səviyyədə nəzərdə tutulması öhdəlikləri əksini tapsın. Həvəsləndirmə sisteminin təşkili, sosial ödəmələrə, peşə hazırlığına, mədəni-məişət xidmətlərə daha çox maliyyə ayrılması məsələləri də müdiriyyətlə razılaşdırılıb kollektiv müqavilələrə daxil olunmalıdır.

İclasda 2017-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər qazanmış gənclərə “İlin peşəkar gənci” Fəxri adının verilməsi məsələsinə də baxıldı. Bu barədə təqdim olunan arayışda deyildi ki, 18 sahə həmkarlar ittifaqı təşkilatından AHİK-in müvafiq şöbəsinə xeyli sayda gənc işçinin namizədliyinə dair təqdimatlar göndərilmişdir. Onlardan 50 nəfərinin göstəriciləri daha münasib sayılıb İcraiyyə Komitəsinə təqdim olunub.

İcraiyyə Komitəsinə həmkarlar ittifaqı idman təşkilatlarının ötən ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatı, gender statistikası və “Həmkarlar ittifaqı sistemində qadın və kişilərin vəziyyətini səciyyələndirən ümumi illik hesabatı”na əlavə və dəyişiklik edilməsi haqqında məsələlər də təqdim olundu.

Gündəlikdə duran məsələlərə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev münasibət bildirdi. Dedi ki, AHİK-in V qurultayına çıxışlarda çox sayda təkliflər səsləndi. Konfederasiyada bütün təkliflər öyrənilib, müzakirə olunub. Bunların içərisində müəllimlərin və səhiyyə işçilərinin dövlət qulluqçusu statusu alması, minimum əməkhaqqının səviyyəsinin artırılması və daha bir neçə məsələ üstünlük təşkil edir. Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müəyənləşdirdiyi standartlara görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi həcmində olmalıdır. Yol xəritəsində də bu tövsiyə əksini tapıb. Bütün bunlar həmkarlar ittifaqının tərəfdaşları ilə birlikdə üzərində işlədiyi vacib problemlərdir. Bildiyiniz kimi, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədrliyi bu il həmkarlar ittifaqına həvalə olunub. Mən çalışacağam ki, komissiyada bu problemlərin həlli yolları tapılsın və hökumətə təqdim edilsin.

Səttar müəllim sahə həmkarlar ittifaqına tövsiyələrini də verdi. Dedi ki, xüsusilə yeniyetmələrin və gənclərin  təhsildə, idman sahəsində, istehsalatda stimullaşdırılması istiqamətində təşkilatımız çox iş görür. Təəssüf ki, əhalinin bu təbəqəsi ilə həmkarlar ittifaqı tərəfindən maarifləndirmə, təbliğat və təşviqat işi lazımi səviyyədə qurulmur. Gənclərdə həmkarlar ittifaqı işinə maraq oyatmaq, bu təşkilatın onların həyatlarında, bütövlükdə cəmiyyətdə oynadığı mühüm rolu diqqətlərinə çatdırmaq metodlarını, formalarını düşünüb tapmaq, həyata keçirmək çox vacibdir.

İcraiyyə Komitəsi gündəliyə çıxarılan məsələlər ətrafında müzakirə apardı və qərar qəbul etdi.