Şərəf tariximiz -15 Sentyabr Bakının işğaldan azad olunduğu gün


Baxıldı : 241

Tarix : 2016-09-08 05:20:00


98 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və könüllülərdən ibarət silahlı qüvvələrimiz Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib, Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Tarixçi-alim Musa Qasımlı Bakının işğaldan azad olunmasının Azərbaycan istiqlalının elan edilməsi qədər əhəmiyyətli olduğunu deyir: \ Noyabrın əvvəllərində Şaumyan başda olmaqla bolşeviklər Bakıda hakimiyyət qursalar da, bu, real gücə malik deyildi. Bolşeviklər anti-Azərbaycan siyasəti yeridirdi. Hakimiyyətlərini möhkəmləndirməkdən ötrü türk-müsəlman əhalisinə qarşı soyqırımlara başlamışdı. Bakı Sovetinin əsas məqsədlərindən biri Bakı neftini əldə saxlamaq idi. Ona görə də Azərbaycan ərazilərində kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında bu qırğınların pik nöqtəsi başlamışdı\ .Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edib. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyulub. Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və \ Böyük Ermənistan\ xülyasını gerçəkləşdirmək olub. Amma onların bu mənfur planının reallaşmasına imkan verilməyib.Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Şəhər azad ediləndən sonra irqindən, dinindən, dilindən, millətindən asılı olmayaraq bütün insanlara bərabər münasibət bəslənilib. Şəhərdə qayda-qanun bərpa edilib, dükan-bazar işləməyə başlayıb.Bakının işğaldan azad edilməsinin sentyabrın 15-də baş verməsi əslində təsadüfi hal deyildi. Həmin gün müsəlmanların müqəddəs Qurban bayramı idi. Ənvər Paşa gizli olaraq Nuru Paşaya göndərdiyi təlimatda ona bərk-bərk tapşırmışdı ki, işlərini elə qursun ki, müsəlmanlar özlərinin müqəddəs bayramını vaxtında və öz paytaxtında qeyd edə bilsinlər.Azərbaycanın siyasi müstəqilliyinin elan edildiyi gün bütün xalqa aydın oldu ki, dövlətimiz özünün mədəni, milli, iqtisadi və siyasi mərkəzi olan Bakısız mövcud ola bilməz. Maddi vəsait, sursat və təşkilatlanmış ordusu olmadan gənc respublikanın qüvvələri əzəli mərkəz saydıqları Bakıya daxil olmaq üçün sayca özlərindən qat-qat çox olan daşnak-bolşevik qoşunları ilə mübarizəyə girişmişdilər. Osmanlı türk qoşunları Azərbaycan Xalq Cümhuriyyətinə köməyə özlərinin qardaşlarını xilas etmək məqsədilə gəlmişdilər və onlar savaş meydanlarında fədakarlıqla canlarından keçərək öz qardaşları qarşısında təmənnasız mənəvi borclarını yerinə yetirdilər. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdi. Beləliklə, bu tarixdən Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanıldı, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.Azər MUSTAFAYEV