“Rasim cismən olmasa da, ruhən bu mənzildədir”


Baxıldı : 61

Tarix : 2020-09-11 16:39:53


12 yaşlı Asim və 17 yaşlı Aysu hələlik ata xiffəti ilə yaşayırlar. Təbii ki, bu xiffət uzun müddət onların qəlbindən çıxmayacaq. Bir vaxt sevinc, inam, ərköyünlük rəmzi olan ata, quruması mümkün olmayan yaş damlalarına çevrilib əbədi gözlərində qalacaq.

Amma bir həqiqət də var ki, illər ötəcək, hər iki övlad yetkinlik yaşına çatacaq və ürəklərindəki ata xiffəti iftixar hissi ilə əvəz olunacaq. Atanın qoyub getdiyi miras onlara bu torpaq üstündə ərklə, başı uca gəzməyə haqq verəcək. Nədir bu miras? Vətən, Torpaq uğrunda ölmək, şəhid olmaq cəsarəti.

Hələlik bu balaların qayğıya, diqqətə ehtiyacı var. Qürurlu gələcəyə pərvazlanmalarından ötrü hər birinə kömək, dəstək mütləqdir. Bu dəstəyi dövlətimiz öz üzərinə götürüb. Bu missiyada həmkarlar ittifaqı da iştirak etməyi özünə şərəf bilir.

Sentyabrın 4-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri (DİİXİ) Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul işçiləri və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova Asim və Aysunun qonağı oldular. Adətən belə görüşlərdə söhbət ehtiyaclar və onun həlli üzərində qurulur. Amma... uşaqlar da, evin xanımı Samirə də ilk dəfə gördükləri, tezliklə də isinişdikləri qonaqlara ancaq qayğıkeş ata, mehriban həyat yoldaşı olmuş Rasim Məmmədovdan danışdılar.

Özü də keçmiş zamanda yox, indiki zamanda. Samirə xanım deyir ki, Rasim hərbçi olsa da, şən adam idi. Hərbçi olduğuna görə, müxtəlif vaxtlarda, təxminən 15-20 rayonda yaşamışıq. Ailəcanlılıqda ona tay tapmaq çətindir.

Hələ 5-6 il əvvəl həkim xalatı alıb evə qoymuşdu. “Bunu kim geyinəcək?” - deyə təəccüblə soruşanda “Qızım Aysun böyüyəndə həkim olacaq və bu ağ xalatı geyinəcək” demişdi.

Samirə xanım sözünə ara verdi. Xəyala daldı. Gözləri doldu. Və söhbətinə davam etdi: 2016-cı ilin Novruz bayramını yeni yaşayış yerimizdə - Horadizdə birlikdə şən və sevinclə keçirdik. Martın 31-də evdən çıxanda heç bir şey hiss etdirmədi. Onsuz da qapıdan içəri girəndə də, çıxanda da bizi öpürdü. Bu dəfə də elə. Ənənəni pozmadı. Aprelin 1-də qonşu qadın mənə dedi ki, həyat yoldaşı zəng edib bizə zirzəmidə qalmağı məsləhət görüb. Mən də Rasimə bu barədə deyəndə “səninlə 1 aprel zarafatı edib”, söylədi. Mən qorxub həyəcanlanmayım deyə, belə deyibmiş.

Aprelin 1-də vəziyyət çox pis idi. Elə aprelin 1-dən 2-nə kimi evin zirzəmisində qalmalı olduq.

Cəbhədəki müharibəni gözümüzlə görürdük. Vertolyotlar başımızın üstündən uçurdu. Aprelin 3-nə kimi telefonla danışmaq imkanımız oldu. Mən iki uşaqla birlikdə aprelin 2-si axşama yaxın Bakıya getməli olduq. Aprelin 3-də gecə saat 12-də telefonda dedi: “Narahat olma, hər şey yaxşıdır. Heç kəsin etmədiyini biz etdik. Mən yatıram, sən də yat” söylədi.

Bilirdim ki, mənə düzünü demir, müharibənin içində yatmaq olar?!

Aprelin 4-ü səhər Rasimə zəng etməyə çalışdım. Telefonuna zəng çatmırdı. Sonra mənə qayınatamın vəziyyətinin yaxşı olmadığını dedilər. Dərhal Naxçıvana getməli idik. Rasimə fasiləsiz zəng edirəm ki, vəziyyəti anlatım. Amma alınmırdı. Qorxurdum ki, atasının vəziyyətinin yaxşı olmadığını eşidər, fikri dağılar, Rasimə nəsə olar. Düzü, uşaqları aparmaq istəmirdim ki, qayıdacağıq. İsrarla uşaqları da gətirməyimi istədilər. Hava limanına çatanda qızıma dedim ki, saytları aç gör nə xəbər var. Hələ də mənə çatmırdı ki, Rasim şəhid olub. Ağlımın ucundan da keçməzdi ki, Rasimə nəsə olar. Əmilərinə zəng edib “bu nədir yazırlar?” söylədim. Onlar telefonda ağlayanda başa düşdüm ki, Rasimə nəsə olub.

Rasim cismən olmasa da, ruhən bu mənzildədir. Bir otaq onun müxtəlif vaxtlarda çəkdirdiyi şəkillərlə, aldığı mükafatlarla bəzədilib. “Qüsursuz xidmətə görə” II dərəcəli medal və ölümündən sonra aldığı “Vətən uğrunda” medalı Rasimin necə bir hərbi qulluqçu olduğundan xəbər verir.

Görüşün sonunda şəhid övladlarına Müdafiə Nazirliyinin xatirə qol saatları və DİİXİ Hİ Respublika Komitəsinin xatirə hədiyyələri təqdim edildi. Samirə xanıma bildirildi ki, hər ay, hər uşağa görə onun bank hesabına 150 manat köçürüləcək.