Rayonlara gediş-gəlişə nəzarət sərtləşdiriləcək


Baxıldı : 448

Tarix : 2020-06-19 16:15:52


İyunun 16-sı səhər saatlarından başlayaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun girişində qurulmuş karantin postlarında uzun tıxaclar yaranmışdır. Bakı-Ələt, Bakı-Quba və Bakı-Şamaxı magistrallarında tıxaclar kilometrlərlə uzanıb. Sərt karantin rejimini Bakıda evlərində  deyil, bölgələrdə istirahət mərkəzlərində keçirənlərin Bakıya qayıdışı şəhərin girişində böyük tıxaca səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, tıxacların yaranmasına səbəb rayon qeydiyyatı olan vətəndaşların geri qayıtmasıdır. “Onlara öz qeydiyyatları üzrə Bakıdan çıxmağa icazə var idi. Hətta xəbərdarlıq olunmuşdu ki, kimsə, rayon qeydiyyatı olmasına baxmayaraq, Bakıda işləyirsə, bu müddətdə rayona getməsin. Çünki geri buraxılmayacaqlar. Beləliklə,  ikigünlük müddəti Bakıda keçirməli idilər. Amma, çox əfsuslar olsun ki, insanların əksəriyyəti Bakıda iş yerlərinin qapalı, qeydiyyatlarının rayonda olmasından istifadə edib şəhərdən çıxdı. Postlarda saxlanılanda isə deyirdilər ki, Bakıdan birdəfəlik və ya  2-3 aylıq gedirlər. Sözsüz ki, onları Bakıdan buraxmamaq olmazdı, çünki tələb olunan qaydalara əsasən, rayon qeydiyyatında olan şəxslər rayona gedə bilərsə, Bakı qeydiyyatında olanlar da geri qayıda bilərlər.

Bundan əlavə, təxminən 260 minə yaxın insanın hərəkət etməsi ilə bağlı icazə mövcuddur. Onlardan 70 mininin ölkə daxilində hərəkətinə icazəsi olub. Müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilat və müəssisələrin şəxsi avtomobilləri ilə hərəkətlərinə icazə verilmiş əməkdaşları onlara verilən bu imtiyazdan sui-istifadə edərək, sərtləşdirilmiş rejim günlərindən öncə paytaxtı tərk edərək respublikanın müxtəlif regionlarına  getməyə cəhd ediblər. Həmin sui-istifadəyə yol verən şəxslərin adının qara siyahıya salınması mümkündür. Ancaq bununla bağlı araşdırmalar aparılır. Bu bir və ya on maşın deyildi. Biz müvafiq orqanlar qarşısında məsələ qaldırmışıq ki, portala daxil edilən məlumatlara nəzarət mexanizmi olmalıdır.  Hər kəs öz istədiyi sayda əməkdaşı haqqında məlumatı ora daxil etməsin. Çünki bu məlumatın olması həmin şəxsin sərbəst hərəkətinə icazə verir.  Polis yalnız portala görə yoxlaya bilir”.

Şöbə rəisi onu da qeyd etdi ki, növbəti həftələrdə də sərtləşdirilmiş karantin rejimi tətbiq edilərsə,  rayonlara gedən torpaq yollarda polis naryadları olacaq. Magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanacaq və inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.

“Ötən həftəsonu qadağanın tətbiq edildiyi 9 inzibati ərazi üzrə 635 nəfər inzibati qaydada cərimə edilib. Ondan öncəki həftədə isə bu rəqəm 1483 nəfər olub”, - deyə K.Əliyev bildirdi.

 

Gülöyşə MƏMMƏDLİ