Rayonların ipoteka kreditlərinə əlçatanlığı təmin olunmalıdır


Baxıldı : 48

Tarix : 2018-10-26 20:08:17


Prezidentin 2016-cı il aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) yaradılmışdır. Agentliyin əsas vəzifəsi gəlir səviyyəsi orta və aşağı olan insanların, əsasən də gənclərin, gənc ailələrin mənzil əldə etməsi üçün yeni binalar tikdirmək və mənzillərin qiymətinin əlçatan olmasından ibarətdir”

 

AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin AHİK-in V qurultayına məruzəsindən

Bu günlərdə İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişikliklər edib. Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov da fikirlərini bildirib. Qeyd edib ki, 8 faizlik adi kreditlərə zəmanət verildiyi halda, hazırkı dəyişikliyə əsasən, maksimum faiz 7-dən çox ola bilməz. Eynilə zəmanət verilən güzəştli ipoteka kreditləri üzrə faiz 4 faizdən 3,7 faizədək azaldılıb. Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manat olduğu halda, adi ipoteka kreditləri üzrə 150 min manatadək borc cəlb etmək mümkündür: “Qanunvericiliyə əsasən, verilən ipoteka kreditləri ilə bağlı şərtlərin müəyyənləşdirilməsi İpoteka və Kredit Zəmanət Fondunun özü tərəfindən həyata keçirilir. Təbii ki, burada zəmanət verilə biləcək faiz və eyni zamanda kredit üzrə ən az ödəniləcək faizlə bağlı qaydalar var. Bu baxımdan İpoteka və Kredit Zəmanət Fondu həmin qayda və şərtləri müəyyənləşdirir. Praktik olaraq digər qurum tərəfindən həmin şərtlərin təsdiq edilməsinə ehtiyac yoxdur. Artıq şərtlər təsdiq olunub və qüvvədədir”.

Ekspert onu da qeyd edib ki, yeni dəyişikliklərə rəğmən ipoteka kreditlərindən faydalananlar əsasən Bakı sakinləridir: “İndiyədək verilmiş 22733 kreditin 17282-i paytaxtın payına düşüb. Bu isə o deməkdir ki, fondun maliyyələşdirdiyi hər 100 ipoteka kreditinin 76-sı Bakıda mənzil alınmasına yönəldilir.  Belə ki, ən çox ipoteka krediti alan 3 şəhər Bakı və paytaxt ətrafıdır. Kreditlərin sayına görə ikinci olan Sumqayıtda 2289, Abşeron və Xırdalanda isə 1578 maliyyələşmə olub. Bu isə o deməkdir ki, 22733 ümumi kreditin 21149-u, yəni 93 faizi paytaxt və ətraf şəhərlərin payına düşüb. Naxçıvan daxil olmaqla, regionlar ümumi kreditləşmənin cəmi 7 faizinə sahib ola biliblər”.

V. Bayramov vurğulayıb ki, bir sıra rayonlar, ümumiyyətlə, ipoteka kreditləri cəlb edə bilməsələr də, bəzi bölgələrdə bu, simvolik rəqəmlər olub: “Rəsmi statistikaya əsasən, Bakı ilə rayonlar arasında orta aylıq əməkhaqqında 2 dəfə fərq var. Buna rəğmən ipoteka və xüsusən güzəştli kreditlər üzrə şərtlər ölkə üzrə eynidir. Bu baxımdan biz ipoteka kreditləri üzrə faizlərdə rayonlar üçün güzəştin verilməsini və kredit portfelində regionlar üçün kvotanın müəyyənləşdirilməsini təklif edirik. Belə ki, rayonlar üzrə güzəştli kreditlərin 2 faizə endirilməsi və 25 faizlik kvotanın müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Əgər maliyyə ilinin ilk 10 ayında həmin kvotadan az regional sifariş olarsa, o zaman qalan məbləğ fiskal ili başa çatanadək paytaxtda istifadə edilə bilər. ”.

Fermer təsərrüfatı, əkin sahəsi olan, lakin əməkhaqqı almayan vətəndaşlar ipotekadan yararlana bilmirlər. Bu insanlara nə kimi güzəştlər tətbiq edilə bilər sualını cavablandıran ekspert dedi ki, belə vətəndaşların, çox təəssüf ki, ipotekadan istifadə etmək imkanları yoxdur: “Çünki İpoteka və Kredit Zəmanət Fondunun vəsaitini müvəkkil banklar ödəyir. Müvəkkil banklar həmin kreditin vəsait kredit formasında bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Və təbii ki, müvəkkil banklar da risklərin sığortalanması üçün əmək müqaviləsi və eləcə də yüksək aylıq ödənişdən daha yüksək əməkhaqqı tələb edirlər. Ona görə də hələlik mövcud qanunvericilik və şərtlər əsasında sözügedən vətəndaşlarımızın, təəssüf ki, ipoteka kreditlərinə müraciət etmək və almaq hüquqları yoxdur. Qanunvericiliyə və mövcud qaydalara əsasən, yalnız faizlər aşağı düşdüyü halda tələb olunan əməkhaqqı məbləği azala bilər. Amma bütün hallarda ipotekaya müraciət üçün ya əmək müqaviləsi, ya xidməti müqavilənin olması tələb olunan şərtlərdən biridir”.

Aliyə SƏMƏDOVA