Razılaşma dialoq yolu ilə aparılır


Baxıldı : 46

Tarix : 2017-12-22 22:33:02


Avropa, Asiya və Latın Amerikasından 22 ölkənin həmkarlar ittifaqı təşkilatının nümayəndələri Fransada dərman istehsalı şirkəti olan “Sanofi” firmasına aid müəssisədə bir araya gəliblər. Toplantıda məqsəd şirkətin fərqli ölkələrdə həmkarlar ittifaqı təşkilatları ilə münasibətlərini müzakirə etmək idi.

Toplantıda çıxış edən İdustriALL Qlobal İttifaqının Avropa üzrə koordinatoru Françis Perniola “Sanofi” şirkəti ilə münasibətlərin vacibliyini vurğulayıb. 2014-16-cı illərdə şirkətin Asiyada və digər bölgələrdə yerləşən müəssisələrində regional işçi birliklərinin yaradılması və bu dövrdə qarşıya çıxan çətinliklərin dialoq yolu ilə həlli xüsusi qeyd olunub. Eyni şəkildə Latın Amerikasında da 2016-cı ildə İndustriALL tərəfindən şirkət əməkdaşlarının regional birliyinin yaranması, iş əlaqələri və sosial dialoq haqqında məlumat verilib.

Toplantının digər məqsədi Dünya İş Şurasını yaratmaq idi. Burada həmçinin “Sanofi”nin iqtisadiyyat və əmək münasibətlərindəki mövcud vəziyyəti də təhlil edildi.

Tədbirin təşkilatçısı olan Avropa İş Şurasının yeni seçilmiş katibi Aline Eyserric çıxışında bildirib ki, dərman istehsalı ilə məşğul olan beynəlxalq şirkətin işçiləri üçün Qlobal şəbəkənin qurulması və müxtəlif ölkələrdə “Sanofi”nin həmkarlar ittifaqı təşkilatı nümayəndələrinin müntəzəm əlaqə və fikir mübadiləsində iştirakı əlamətdar hadisədir.

İndustriALL Qlobal İttifaqının baş katibinin köməkçisi Kamal Özkan çıxışında deyib ki, şirkətlə münasibətlərdə sosial dialoqla yeni mərhələyə başlamaq istəyirik: "Rəhbərlikdən aldığımız siqnal ümidvericidir. Yaradılan qlobal şəbəkə “Sanofi” işçilərinin əmək şəraitində mühüm irəliləyişlər edəcək".

Qeyd edək ki, “Sanofi” 100-dən artıq ölkədə fəaliyyət göstərən əczaçılıq şirkətidir və 100 mindən çox çalışanı var.