Razılıq əldə edilməyib


Baxıldı : 45

Tarix : 2019-03-07 05:26:24


Honkonqda dövlət xəstəxanalarının tibb bacıları və texniki işçiləri maaşların artırılması tələbi ilə tətilə hazırlaşır. İşə yeni qəbul olunmuş və öncədən çalışanların maaşlarının minimum 12 faiz artırılması istənilir. Xəstəxana Personalını Dəstəkləyən Kadrlar Birliyi Dərnəyi başçısı Ng Vai məsələ ilə bağlı açıqlamasında bildirib ki, danışıqlar aparılsa da, personal sayı və maaş məsələsində razılıq əldə edilməyib. Hökumət tərəfindən təklif olunan 2,5 faizlik maaş artımı ilə əlaqədar  Honkonq Tibbi Personalı Birliyi çalışanlar arasında sorğu anketi keçirib. 10800 tibbi personalın iştirak etdiyi sorğuda 75 faiz işçi bu artımla razılaşmadığını bildirib.

Birliyin baş katibinin köməkçisi Fuen Kuen-Kvok hökumətin təklifinin danışıqlarda göstərilən rəqəmdən çox az olduğunu qeyd edib.

Çinin Qida və sağlamlıq naziri  Sofia Çan  verdiyi açıqlamada hökumətin xəstəxana personalı üçün əməkhaqqı müzakirələrini  tez bir zamanda yekunlaşdıracağını deyib.

Hazırda xəstəxana rəhbərliyi ilə birlik üzvləri arasında aparılan danışıqlar nəticə vermədiyindən  300-ə yaxın işçinin önümüzdəki həftə  ərzində tətil keçirəcəyi bildirilib.

Cavid SƏFƏROV