Referendum...


Baxıldı : 193

Tarix : 2016-10-07 04:46:00


Referendum yolu ilə qəbul edilmiş akt nə vaxt qüvvəyə minir, bu akt ləğv oluna bilərmi?Məmməd NƏSİROV,Yevlax şəhəri.- Seçki Məcəlləsinin 141-ci maddəsinə əsasən, referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Həmin Məcəllənin 142-ci maddəsinə görə, referendum yolu ilə qəbul edilmiş akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər. 2009-cu ilin may ayından səhiyyə müəssisəsində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyirəm. Ali təhsilliyəm.Bilmək istəyirəm ki, vəzifə maaşım necə və neçənci ödəniş dərəcəsinə görə hesablanmalıdır?Nazim ƏLİYEV,Bərdə şəhəri.-Müraciətinizə cavab olaraq bildiririk ki, kadrlar şöbəsinin müdirinin əməyinin ödəniş dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş \ Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası\ na əsasən müəyyənləşdirilir.Səhiyyə sistemində kadrlar şöbəsi köməkçi şöbə hesab olunur. \ Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası\ na əsasən isə, köməkçi şöbənin müdirinin ödəniş dərəcələrinə aşağıdakı ixtisas tələbləri qoyulmuşdur: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq iş üzrə 5 ildən az olmayaraq iş stajı; 10-cu dərəcə: IV qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə; 11-ci dərəcə: III qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə; 12-ci dərəcə: II qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə; 13-cü dərəcə: I qrup müəssisədə köməkçi şöbələrinin rəisi vəzifəsini yerinə yetirdikdə.Müraciətinizdən görünür ki, ali təhsiliniz və tələb olunan qədər ixtisasınız üzrə iş stajınız var. Yuxarıda qeyd olunanları nəzərə alaraq müəssisənizin qrupuna uyğun ödəniş dərəcənizi özünüz müəyyənləşdirə bilərsiniz.II qrup əliləm. 2 azyaşlı övladım var. Qızım 2004-cü ildən, oğlum 2009-cu ildəndir. Özüm rabitə şöbəsində poçtalyon işləyirəm. 155 (yüz əlli beş) manat maaş alıram. Uşaqlarımın atası ilə nikahım yoxdur. Aliment verə bilmir. Özü təqaüd alır. Bilmək istəyirəm, uşaqları tək böyütdüyümə görə mənə aylıq sosial müavinət düşürmü?Xoşbəxt MƏMMƏDOVA,Bakı şəhəri.- Sosial müavinət \ Sosial müavinətlər haqqında\ qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyadan olan şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.Adıçəkilən Qanunda müavinəti almaq hüququ olan şəxslər, onların müavinət seçmək hüququ, müavinətlərin məbləği, təyinedilmə müddəti, təyin edilməsi və ödənilməsi qaydaları, ödənilmənin dayandırılması ilə bərabər 4-cü və 7-ci maddələrdə sosial müavinətin növləri və təyin olunması şərtləri (sosial müavinət kimlərə və hansı şərtlərlə təyin edilir və ödənilir) də qeyd olunmuşdur.Məktubunuzdan məlum olur ki, iki azyaşlı uşağı tək böyüdürsünüz. Lakin azyaşlı uşağı tək böyütdüyünə, aliment almadığına və ya ata-ananın əlil olması səbəbindən uşaqlara sosial müavinətlərin verilməsi adıçəkilən Qanunda nəzərdə tutulmamışdır.Əgər ailənizdə adambaşına düşən orta aylıq gəlir respublika üzrə uşaqlar və əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş ehtiyac meyarından aşağı olarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlara dövlət tərəfindən ünvanlı dövlət sosial yardımı təyin edilir, sosial müavinət verilmir.Yaxın qohumum polisdə xidmət üçün müraciət etmişdi. Yaşı, fiziki hazırlığı, sağlamlığı bu sahədə xidmət üçün maneə törətmir. Əvvəllər məhkum olsa da, məhkumluğu götürülüb. Buna baxmayaraq, \ əvvəllər məhkum edilmisən\ deyə sənədlərini geri qaytarıblar. Bu harada yazılıb?Şərafət MİRZƏYEVA.Bakı şəhəri.- Elə sahələr var ki, onların hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarda həmin sahədə çalışmaq üçün müəyyən edilmiş xüsusiyyətlər mövcuddur. Bu baxımdan polisdə xidmət keçmənin əsasları da \ Polis haqqında\ qanunla tənzimlənir.Qanunun 28-ci maddəsinə əsasən, polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.Qeyd olunan maddənin 4-cü hissəsinə görə isə, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.Yaxın qohumunuzun fiziki hazırlığı və sağlamlığı polisdə xidmətə imkan versə də, Qanunun tələbindən göründüyü kimi, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş olduğu üçün polisdə xidmətə qəbul edilə bilməz. Çünki burada məhkumluğun götürülməsi və ya ödənilməsi haqqında heç bir qeyd yoxdur.Atam qocalar evində yaşayır. Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdim. Dedilər ki, atanız nəzərə alınmır. Bilmək istəyirəm, sosial yardımın təyin olunması zamanı ailə üzvlərindən nəzərə alınmayan şəxslər olurmu?Natavan BAĞIROVA,Bakı şəhəri.- Bəli, olur. \ Ünvanlı dövlət sosial yardımı haqqında\ qanunun 9-cu maddəsində sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslərin dairəsi müəyyən edilib. Belə ki, qanuna əsasən, sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;- cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;- axtarışda olan şəxslər;- Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;- əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).Zərərli işdə çalışıram. Əvəzçilik üzrə eyni əmək şəraiti olan başqa işdə də çalışa bilərəmmi?Səməd QƏRİBOV,Lökbatan qəsəbəsi.-Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.Lakin bəzi hallarda əvəzçilik üzrə işləməyə yol verilmir. Bu hallardan biri də Sizi narahat edən məsələdir. Adıçəkilən maddənin 5-ci hissəsinə görə, əgər işçi əsas iş yerində zərərli, təhlükəli və ya insan sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.Bildiririk ki, Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Nazirlər Kabineti tərəfindən 2004-cü il 175 №-li Qərarla təsdiq edilib.Çalışdığınız sahə əmək şəraitinə görə zərərli sahə hesab edilirsə, eyni şəraitli başqa bir sahədə əmək müqaviləsi bağlayaraq əvəzçilik üzrə çalışa bilməzsiniz. Belə hal əmək qanunvericiliyinə ziddir.