Regionda yol xəritələrini təsdiqləyən ilk ölkə


Baxıldı : 73

Tarix : 2019-10-18 17:13:58


Oktyabrın 11-də Şamaxı şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda seminar keçirilib.

Giriş sözü ilə çıxış edən AHİK-in Katibi - Aparat rəhbəri Həsən Cəfərov seminarın məqsədi haqqında məlumat verib.

H.Cəfərov bildirib ki, respublikamızda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şura Milli Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə görüşüb, Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar hazırlanıb. Azərbaycanın regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkə olduğunu vurğulayan H. Cəfərov qeyd edib ki, məhz buna görə də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkə sırasına daxil olub.

AHİK-in şöbə müdiri Namiq Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində qazanılan nailiyyətlər, beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya Qarayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan hökumətinin ikinci milli könüllü hesabatı-əsas çağırışları barədə seminar iştirakçıları qarşısında çıxış ediblər.

Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının liderlərinin və fəallarının qarşısında duran vəzifələri diqqətə çatdırdılar.

Tədbirdə müzakirə olunan məsələlər ətrafında diskussiyalar keçirilib.

Seminarın işində Şamaxı şəhərinin və ətraf rayonların həmkarlar ittifaqı fəalları iştirak ediblər.