Regionlarda sənaye istehsalı artacaq


Baxıldı : 162

Tarix : 2016-06-24 03:21:00


Bu günlərdə dövlət başçısı kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Masallı rayonunda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzaladı. Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini \ Azərbaycan İnvestisiya Şirkəti\ ASC həyata keçirəcək. Məlumat üçün bildirək ki, ilk dəfə belə bir sənaye məhəlləsi Neftçalada yaradılıb. Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov deyir ki, neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkənin gəlirlərinin azalması idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın artırılmasını zəruru edir: \ Bunun üçün isə sənaye müəssisələrinin inkişafı, sənaye məhsullarının istehsalını nəzərdə tutan yerli sənaye məhəllələrinin yaradılması tələb olunurdu. Əslində bu məhəllələrin yaradılmasının üç əsas hədəfi var. İlk növbədə əsas hədəf qeyri-neft sektorunun inkişaf etdirilməsi, istehsalın təşviq edilməsidir. İkinci hədəf kimi isə regionların inkişafının dəstəklənməsi nəzərdə tutulub. Bu, həmçinin yeni iş yerlərinin yaradılması və regionlarda istehsalın artırılması deməkdir. Üçüncü əsas məqsəd isə idxaldan asılılığın azaldılması və daxili bazara yerli məhsulların çıxarılmasını təmin etməkdən ibarətdir. Bundan başqa, sənaye məhəllələrinin yaradılması həm də regionların aqrar potensialının sənayeyə transfer edilməsinə imkan yaradacaq. Çünki regionlarda emaledici sənaye müəssisələrinin yaradılması ilə aqrar sektorda istehsal olunan məhsul həm də emal edilərək daxili və xarici bazara çıxarılacaq. Xalid AZƏR