Regionların sosial-iqtisadi inkişafı üçün yeni mərhələ


Baxıldı : 998

Tarix : 2020-08-28 12:46:50


 “İlk növbədə yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar. Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir”.

 

Bu sözləri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də yeni seçilmiş icra başçılarını onlayn qəbul edərkən söyləyib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ilin ilk rübündə ölkəyə 3 mlrd 77 mln AZN investisiya yatırılıb. Bu investisiyanın 69%-i, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönlənib.

Millət vəkili Vüqar Bayramov dedi, sözsüz ki, sərmayələrin bölgüsündə regionların payı olduqca aşağıdır. İnvestorların bölgələrə cəlb edilməsi işində yerli icra hakimiyyəti orqanları yetərincə aktiv deyillər. Halbuki iqtisadiyyatın liberallaşdırılması, infrastruktur layihələri imkan verir ki, Azərbaycanın şəhər və rayonları qlobal ixrac zəncirinə asan şəkildə qoşulsun.

Bunun üçün nə edilməlidir?

- Bu sahədə artıq ilk addımlar atılıb. Son dövrlər dövlət dəstəyi ilə formalaşan  bir sıra sənaye müəssisəsi regionlarda fəaliyyətə başlayıb və bu proses davam edir. Amma təəssüf ki, bu proses istənilən sürətlə getmir. Başlıca səbəb də sahibkarlar üçün hələ də girov mexanizminin asanlaşdırılmaması, aşağıfaizli kreditlərin təklif edilməməsidir. Çünki kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərin ən birinci problemi maliyyə çıxışı resursları ilə bağlıdır. Belə sahibkarların kreditlərə çıxış imkanları məhduddur. Bir tərəfdən kiçik və orta müəssisələrin, sahibkarların girov təklif etmək imkanları azdır. Banklar isə girovsuz kredit vermirlər. Kredit faizləri yüksəkdir, bu da, təbii ki, kiçik sahibkarın işində çətinliyə səbəb olur. Bu məsələlərin həlli həm də regionlarda məşğulluğun təmin edilməsi baxımından əhəmiyyətlidir.

V. Bayramov əlavə etdi ki, son illərdə ölkə Prezidenti cənab İlham Əliyev regionlara səfəri zamanı  yerli icra hakimiyyəti başçılarının fəaliyyətini həmin rayona cəlb edilən investisiyanın həcminə uyğun olaraq qiymətləndirir. Bu onu göstərir ki, regionlara investisiyanın cəlb edilməsi həm də yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi, yeni iş yerlərinin yaradılması, texnologiya və innovasiyaların inkişafı baxımından da vacibdir. Həmçinin regionların mövcud potensiallarına adekvat həcmdə sərmayə cəlb edilə bilməməsinin əsas səbəblərindən biri də yerli icra hakimiyyətlərinin investisiya strategiyasına malik olmamalarıdır. Yerli icra strukturları tərəfindən investorların diqqətini cəlb edə biləcək addımlara, onlarla görüşlərə, yerli və xarici sərmayədarlar üçün təqdimatların keçirilməsi ilə bağlı informasiyalara çox az hallarda rast gəlmək mümkündür. Həmçinin  2019-2020-ci illərdə bəzi icra hakimiyyəti başçılarının həbs edilməsi də ondan xəbər verdi ki, onlar sahibkarların fəaliyyətinə çox müdaxilə edirdi. Bu müdaxilələr tamam aradan qaldırılmalıdır. Hesab edirəm ki, regionlarda yeni icra hakimiyyəti başçılarının təyin olunması və onların içərisində gənclərin çoxluq təşkil etməsi  regionların sosial-iqtisadi inkişafı üçün yeni mərhələnin  başlanğıcı olacaq.

Əsli ƏHMƏDOVA