Regionun mühüm nəqliyyat-logistika qovşağı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Prezident İlham Əliyevin növbəti böyük uğurudur


Baxıldı : 53

Tarix : 2017-11-04 04:56:48


Son günlər müasir Azərbaycan dövlətinin tarixinə həkk olunan mühüm hadisələrlə əlamətdardır. Hələ ötən ay Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi 3 həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrilməsinin növbəti təsdiqi oldu.Son günlər müasir Azərbaycan dövlətinin tarixinə həkk olunan mühüm hadisələrlə əlamətdardır. Hələ ötən ay Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi 3 həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrilməsinin növbəti təsdiqi oldu.

 

Bu mövzu ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevlə söhbət etdik. Onun sözlərinə görə, coğrafi mövqe baxımından bir neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən Azərbaycanın tranzit imkanları olduqca böyükdür: "Tarixi İpək yolunun keçdiyi Azərbaycan həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Vaxtilə ulu öndər Heydər Əliyev ölkəmizin imkanlarını yüksək dəyərləndirərək Azərbaycanı qlobal tranzit şəbəkəsinin bir hissəsinə çevirməyə çalışırdı. Təsadüfi deyil ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRASEKA müqaviləsinin məqsədi bir zamanlar Avropa və Asiya arasında ticarətin aparıldığı İpək yolunun bərpasını təmin etmək idi".

Səttar Möhbalıyev qeyd etdi ki, ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin də qarşıya qoyduğu əsas məqsədlərdən biri bugünkü beynəlxalq rəqabət şəraitində Azərbaycanın tranzit imkanlarından məhsuldar şəkildə istifadə etməkdir: "Bunun üçün son on ildə ölkəmizdə bir neçə hava limanı inşa olunub, avtomobil yolları tamamilə yenidən qurulub və bu istiqamətdə işlər davam edir. O cümlədən dəmir yolu infrastrukturunun yenilənməsi istiqamətində işlər görülür. Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tezliklə regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Yeni liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək daşımalara töhfəsini verəcək".

Tranzit imkanlarının artırılmasının iqtisadiyyatımızın da inkişafına təkan verdiyini deyən Səttar Möhbalıyevin sözlərinə görə, Azərbaycan həm də bu sahədə qlobal təşəbbüslərin müəllifidir: "Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Oktyabrın 30-da açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti müstəqil Azərbaycanın mühüm nailiyyətləri sırasında yer alır. Bu layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində həyata keçdi. Məhz Prezident İlham Əliyevin sayəsində Gürcüstan və Türkiyə bu layihəyə cəlb olundular. Digər tərəfdən, bu layihənin əsas maliyyəçisi Azərbaycan dövlətidir. Məlum olduğu kimi, ilk vaxtlardan Qərb dövlətləri bu layihəni dəstəkləmədilər. Səbəb isə Azərbaycanın təşəbbüsü ilə icra olunan bu layihənin Ermənistanın iqtisadi blokadasını daha da dərinləşdirməsi idi. Ortaya atılan süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin böyük qətiyyəti ilə layihə uğurla həyata keçirildi. Onun böyük hissələrini ölkəmiz maliyyələşdirdi. İndi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən Avropaya və əksinə yükdaşımanın daha da sürətlənəcəyini görən Qərb dairələri bu səmərəli tranzit bağlantısını dəstəkləməyə və alqışlamağa başlayıblar. Dünyada yükdaşımanın artdığı bir vaxtda Prezident İlham Əliyevin bu təşəbbüsünün nə qədər düşünülmüş və vaxtında atılmış addım olduğu daha aydın görünür".

Tranzit daşıma həm də maliyyə sərfiyyatı deməkdir. Bu barədə danışan Səttar Möhbalıyev dedi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti daşımanı sürətləndirməklə yanaşı, həm də əlavə maliyyə itkisinin qarşısını alacaq. Çünki istənilən yük konteynerin son məntəqəyə qədər hərəkətdə olduğu hər gün maliyyə sərfiyyatı deməkdir. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini aydın göstərir. Belə ki, bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalacaq. Ən əsası isə odur ki, Avropadan Asiyaya və əksinə hərəkət edən yük qatarları Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə etməklə Azərbaycandan keçəcək. Bu da ölkəmiz üçün əlavə gəlirlər deməkdir. Xüsusən neft gəlirlərindən asılılığın aradan qaldırıldığı indiki vaxtda bu, Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu xətt həm də regionda turizmin inkişafına güclü təsir göstərəcək.

Göründüyü kimi, ölkəmiz beynəlxalq yüklərin daşınmasının effektivliyini və rəqabətqabiliyyətliyini artırmaq üçün bütün imkanları səfərbər edir və görülən işlər son illərdə ölkəmizin regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verir. “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi də göstərir ki, hökumətin bu istiqamətdə gələcək hədəfləri göstərən konkret siyasəti var. Bu hədəflər regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaq, bu sahə üzrə daha cəlbedici ölkəyə və mühüm qovşağa çevrilməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmizin bu hədəflərə doğru inamla irəlilədiyini göstərir", - deyə Səttar Möhbalıyev bildirdi.

R.CƏFƏRLİ

“Azərbaycan" qəzeti

03 noyabr 2017-ci il