Rəhbərliyin tövsiyəsi bütün təşkilatlarda təmin edilir


Baxıldı : 60

Tarix : 2017-10-14 05:27:37


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının üzvlərinin 79 faizi qadınlar, təxminən üçdə biri gənclərdir. Ona görə də sahə həmkarlar ittifaqnın fəaliyyətində işçilərin bu təbəqəsi ilə iş üstünlük təşkil edir. Necə deyərlər, burada gender bərabərliyi zərif cinsin xeyrinə "pozulub".

Məhz bu səbəbdəndir ki, ittifaqın oktyabrın 10-da keçirilmiş XVII konfransına hesabat məruzəsində qadın və gənclərlə aparılan işə, tədbirlərə genş yer ayrılmışdır. Hesabat məruzəsi ilə çıxış edən Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyli bildirdi ki, üzv təşkilatlarda 400-ə yaxın qadın problemləri üzrə komissiya yaradılıb. Həmin komissiyalar qadınların əmək, sosial hüquqlarının müdafiəsi ilə bağlı davamlı tədqiqat işləri aparır, təşəbbüslər qaldırır, aidiyyəti strukturlar qarşısında təkliflər irəli sürür. Məhz komissiyaların təklifləri əsasında 2013-2017-ci illər üçün bağlanmış sahə sazişlərinə zərurət olan məqamlarda maddələr əlavə edilmişdir. Sazişdə qeydə alınmış maddələrin icrası diqqətdə saxlanılmışdır.

M.Əlibəyli demişdir ki, sahə həmkarlar ittifaqı rəhbərliyinin tövsiyəsi ilə qadınların karyera yüksəlişi istisnasız olaraq bütün təşkilatlarda təmin edilir. Bu il baş tutmuş hesabat-seçki yığıncaqlarında və konfranslarda Respublika Komitəsinin tövsiyəsinə rəğmən 423 ilk təşkilatda 311 nəfər, 64 şəhər və rayon komitəsində 20 nəfər zərif cinsin nümayəndəsi sədr vəzifəsinə təklif edilmiş və onların namizədliyi müdafiə olunmuşdur.

Məruzədə gənc həmkarlar ittifaqı üzvləri ilə aparılan işin də qənaətbəxş olduğu qeyd edildi. Deyildi ki, hesabat dövründə Respublika Komitəsində gənclərlə bağlı layihələr hazırlanmış və reallaşdırılmışdır. Onlar seminar-müşavirələrə, elmi-praktik konfranslara cəlb olunmuş, ixtisasartırma kurslarına göndərilmişlər.

Gənclərin peşə, elm, incəsənət və sair sahələrdə potensialının özünü tam büruzə verməsinə xidmət edən tədbirlər də az olmayıb. Əksəriyyəti  "İlin peşəkar gənci", "Gənc həmkarlar ittifaqı lideri məktəbi" və sair müsabiqələrdə iştirak edərək nəyə qadir olduqlarını göstərib.

Natiq ittifaqın üzvlərinin digər təbəqələri ilə də aparılan işlərin uğurlu olduğunu vurğuladı. Bildirdi ki, əmək qanunvericiliyinin tələblərinin pozulmaması məqsədilə müəssisələrdə Fərdi Əmək Mübahisələri komissiyaları yaradılmışdır. Komissiyalara Respublika Komitəsi əməli və metodiki kömək göstərir. Komissiyalar üzərinə götürdüyü missiyanın öhdəsindən gəlir. Hesabat dövründə komissiya üzvlərinin və ictimai əmək müvəkkillərinin köməyi ilə  əmək qanunvericiliyinin tələblərinin 48 dəfə pozulması qeydə alınmışdır. Respublika Komitəsinin bilavasitə müdaxiləsi nəticəsində pozuntular aradan qaldırılmışdır.

M.Əlibəyli çıxışında ittifaq üzvlərinin sağlamlığinın bərpası, istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumatı da konfrans iştirakçılarına təqdim etdi: "Son beş il ərzində 2235 yollayış verilmişdir. Bu yollayışlarla 3739 nəfər sanatoryalarda müalicə almış, istirahət mərkəzlərində dincəlmişdir. 132 nəfərə verilən yollayışın pulunu Rəyasət Heyətinin qərarına əsasən həmkarlar ittifaqı ödəmışdir. İstirahət  mərkəzlərinə olan tələbatı nəzərə alaraq Respublika Komitəsi Nabran ərazisində 3 hektara yaxın torpaq sahəsi almışdır. İstirahət mərkəzi üşün nəzərdə tutulmuş bu torpaq sahəsində artıq xeyli tikinti işləri görülmüşdür.

Məruzədə ittifaqın beynəlxalq əlaqələri və digər məsələlərə də toxunuldu.

Məruzə ətrafında çıxışlar dinlənildi.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, çoxsaylı mədəniyyət işçisini özündə birləşdirən bu qurum son illər mühüm işlər görüb. Mədəniyyət sahəsində çalışan insanların peşə fəaliyyətindən danışan Ə.Vəliyev onların dövlətimizin ictimai-siyasi həyatındakı xidmətlərindən də söz açıb.

Bu gün mədəniyyət sahəsində çalışan insanlara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini söyləyən nazir müavini bildirib ki, onların zəhməti hər zaman ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.

Konfransın işinə uğurlar diləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışıb. Azərbaycanda iri layihələrin icrasının uğurla davam etdiyini vurğulayan natiq bütün bunların Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində reallaşdığını qeyd edib.

S.Möhbalıyev MİHİ-nin fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən dəstək və qayğıdan da söz açıb. Vurğulayıb ki, hər il dövlət başçısı çoxsaylı mədəniyyət işçisini müxtəlif fəxri adlarla təltif edir, onların fəaliyyətinə yüksək etimad göstərir.

S.Möhbalıyev son illər Əmək Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişikliklər və əlavələr edildiyini diqqətə çatdırıb. Bildirilib ki, işçilər işdən çıxarılarkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı "Həmkarlar ittifaqları haqqında" qanunda və Əmək Məcəlləsində edilən dəyişiklik təşkilatın rolunun və nüfuzunun artmasına xidmət edir.

Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova MİHİ Respublika Komitəsinin sədri seçilib.

Konfrans iştirakçıları AHİK-in V qurultayında Səttar Möhbalıyevin yenidən bu quruma sədr seçilməsini təklif ediblər. Nümayəndələrə Səttar müəllimin sədr vəzifəsinə namizədliyini müdafiə etməyi tapşırıblar.

Konfransda  MİHİ-nin fəallarına mükafatlar və Fəxri fərmanlar təqdim olundu.

Bəyalı RZAYEV