Rekorda imza atıb


Baxıldı : 77

Tarix : 2017-09-29 23:38:10


Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçirilib.

85 kiloqram çəki dərəcəsində 15 yaşadək atletlərin mübarizəsində Tarmenxan Babayev birdənqaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib. Toplam 130 kiloqramı ram edən atletimiz ən yaxın izləyicisi bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq bu hərəkətdə birinci olub.

T.Babayev təkanlaqaldırma hərəkətində daha yaxşı çıxış edib. O, ilk yanaşmada 150 kiloqramı ram edib. Bununla da idmançımız macarıstanlı atlet Adrian Terebesinin bu ilin aprelində Tailandda keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyənləşdirdiyi Avropa rekordunu (146 kq.) yeniləyib. T.Babayev eyni zamanda yunanıstanlı Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçdə keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəki dərəcəsi üzrə yarışın yekununda müəyyənləşdirdiyi Avropa rekordunu (276 kq.) da təzələyib.

Atletimiz ikinci yanaşmasında 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha iki rekordu yeniləyib. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn idmançımız rekordlarına ikisini də əlavə edib.

Atletimiz toplam 291 kiloqram (130+161) nəticə ilə Avropa birinciliyində birinci yeri tutub. T.Babayev 15 yaşadək atletlər arasında altı Avropa rekordunu yeniləyərək böyük uğura imza atıb.

Kosovodakı yarışda Rüstəm Qasımov və Səbinə Əzimovadan sonra Tarmenxan Babayev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Azər MUSTAFAYEV